Elman Cəfərli: “Dünyaca məşhur sənət adamları təbiəti, canlı aləmi, heyvanları, quşları qorumağa çağırış edən sosial çarxlara çəkilirlər”
“Bizimkilər isə “ərgən təlaşı” , yeniyetmə ağlı ilə hərəkət edir. Ov ovlamaqları, quş quşlamaqları ilə fəxr edirlər” “
“Əməkdar artistin gəncləri dəvət etdiyi yol budur?”
Əməkdar artist , aktyor Rafael İsgəndərovun “İnstagram”da ördək ovundan paylaşdığı fotolar izləyicilər tərəfindən qınaq obyektinə çevrilib. Fotolarda aktyorun qarşısında çoxlu sayda ovlanmış ördəklər əks olunub. İzləyicilər paylaşıma “ Birini, ikisini ovladın sənə bəs etmədimi?”, “artıq mövsüm başlamadan hamısını qırmısız”, “Bu görməmişlikdir” , “Ördək qətliamı etmisiniz” kimi şərhlər yazıblar.
Aktyoru qınayanlar arasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli də olub. O bu barədə “Sherg.az”a danışarkən bildirib ki, Rafael İsgəndərovun paylaşımını görəndə çox təəccüblənib:
“Soruşa bilərsiniz ki, burada qəribə nə var ki? Ov mövsümüdür. Bu quşların ovuna icazə verilib. Adam, bəlkə, “Ovçular” cəmiyyətinin üzvüdür, ova gedib. Bütün bunları anlayıram. R.İsgəndərov da bir vətəndaşdır, o da hamı kimi mövcud qaydalar çərçivəsində ov edə bilər. Məsələ burasındadır ki, o, tanınmış adamdır. Onun ovladığı 10-dan çox quşu bu cür nümayiş etdirməsi cəmiyyətdə mənfi təsir doğura bilər.
Biz ərəb turistləri qınayırıq ki, təbiətin düşməni kimi davranır, nadir quşları, heyvanları ovlayırlar. O zaman buna nə deyək? Dünyaca məşhur sənət adamları təbiəti, canlı aləmi, heyvanları, quşları qorumağa çağırış edən sosial çarxlara çəkilirlər. Heyvanların mühafizəsi ilə bağlı kampaniyalara başlayırlar. Sahibsiz küçə heyvanlarını qoruma dərnəklərinə ianələr verirlər. Bu adamlar isə “ərgən təlaşı” , yeniyetmə ağlı ilə hərəkət edir. Ov ovlamaqları, quş quşlamaqları ilə fəxr edirlər”.
E.Cəfərlinin fikrincə, heyvan hüquqlarını qoruma təşkilatları, ekoloqlar, təbitəsevərlər aktyorun sözügedən əməlinə etiraz etməlidirlər:
“Bu adam ictimai qınaqla üz-üz qalmalıdır. Əməkdar artistin gəncləri dəvət etdiyi yol budur? O, çıxıb izah etməlidir ki, niyə canlı aləmin qəsdinə durub”.