Hadisə bir anda baş verir

Vətəndaşlar iki dəfə düşünməlidir

Kiçik bir qaz sızması böyük partlayışlara səbəb olur

"Yeni tikili binalarda vətəndaşlar mənzil alan zaman, əksər hallarda bir otaqlı mənzili iki otaqlıya, iki otaqlı mənzili isə üç-dörd hissəyə ayırmaqla konstruksiya dəyişikliyi edirlər. Belə olan halda mətbəxin yerində olan şaxtanın yeri dəyişdirilir, kustar üsulla hardasa nəsə bir şey qoşmaq istəyirlər"

  Xırdalan şəhəri, “AAAF Park” Yaşayış Kompleksindəki binalardan birinin ikinci mərtəbəsində baş vermiş partlayışla bağlı “Azəriqaz” İstehsalat Birliyi rəsmi açıqlama verib. Birliyin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev qeyd edib ki, partlayışa səbəb sözügedən binada yaşayan sakinin mənzilinin texniki şərtində etdiyi dəyişikliklər olub: “İlkin məlumata görə, vətəndaş fərdi yaşayış evində mətbəxi eyvana köçürməklə texniki dəyişiklik edib. Bilirsiniz ki, texniki şərtdən kənara çıxırsınızsa, bu, kustar üsulla, qeyri-qanuni həyata keçirilir. Çox təəssüf ki, bu addımın səbəbi belə neqativ hala gətirib çıxır. Bu hallar baş verməsin deyə hər kəsə müraciət edirik ki, texniki şərtdən kənara çıxmaq, qazla bağlı texniki şərtləri pozmaq olmaz. Çünki bu zaman quraşdırılan istilik cihazları müxtəlif parametrlərə uyğun təşkil edilir. Siz bu dəyişiklikləri edəndə normaları nəzərdən qaçırdığınız üçün bu kimi hallar baş verir”.
  “Azəriqaz” sözçüsü onu da qeyd edib ki, qaz digər kommunal xidmətlərdən daha təhlükəli nəticələrə gətirib çıxara bilir.
Son vaxtlar çoxmərtəbəli binalarda qaz sızması nəticəsində baş verən partlayış hadisələrinin artması haqlı olaraq əhalidə narahatlıq və çoxmənzilli binaların təhlükəsizliyinə inamsızlıq yaradıb. 
Əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, sakinlərin mənzillərin konstruksiyalarına etdiyi dəyişikliklər gözlənilməz hadisələrin baş verməsinə şərait yaradır. “Yeni tikili binalarda vətəndaşlar mənzil alan zaman, əksər hallarda bir otaqlı mənzili iki otaqlıya, iki otaqlı mənzili isə üç-dörd hissəyə ayırmaqla konstruksiya dəyişikliyi edirlər. Belə olan halda mətbəxin yerində olan şaxtanın yeri dəyişdirilir, kustar üsulla hardasa nəsə bir şey qoşmaq istəyirlər. Bununla da mətbəxdə olan qaz ümumi havalandırmaya qoşulu olmur. Əgər kiçik bir qaz sızması olarsa, nəticədə hansısa bir alışma səbəbindən, partlayış qaçılmaz olur. Həmçinin belə şaxta olmaması, yer dəyişikliyi səbəbindən qazdan boğulma halları da çox baş verir”.
Ekspertin fikrincə, Xırdalan və onun kimi sıx yaşayış massivlərində həyət evlərində də yanğınlar digər ərazilərə nisbətən daha çox baş verir. Ekspert bunun səbəbini həmin ərazilərdə olan sıx tikintilər ilə əlaqələndirdi: "Həyət evləri bir-birinə yapışıq formada tikilib, bütün tikinti normativləri pozulduğu üçün yollar da darısqal olduğuna görə fərdi evdə yanğın baş verən zaman həmin qısa müddət ərzində bu artıq qonşu mənzillərə də keçə bilir. Çünki həyət evləri arasındakı məsafə normativləri qorunmadığına görə bu cür halların baş verməsi qaçılmaz olur. Digər tərəfdən yeni tikili binalarda adətən həyətyanı sahələr az olur. Avtoparkların olmaması da vətəndaşları binanın girişində və ya yol kənarında maşınlarını saxlamağa məcbur edir. Hadisə baş verən zaman isə yanğınsöndürən və təcili yardım binanın həyətinə və əraziyə girişdə çox ciddi çətinlik çəkirlər. Bu da yenə yanğının alovlanmasının qarşısının alınmasında bir problem yaradır”.

  Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə mütəxəssisi Nüsrət Qasımovun sözlərinə görə, hansısa qaz sızıntısı, elektrik xəttinin düzgün qoşulmaması həm ev sahibinə, həm də ətrafdakı evlərə zərər verə, insan tələfatı ilə nəticələnə bilər: 

“Çoxmənzilli binalarda isə diqqət üst səviyyədə olmalıdır. ünki mənzillər bir-birinə bitişikdir. Yaşayış binaları panellərin bir-birinə bağlanması yoluyla tikilir. Ümumi qaz, su xətti, elektrik enerjisi bloku olur. Bir mənzildə baş verəcək nasazlıq bütün binanı silkələyə, güclü partlayışa və insan tələfatına, ağır xəsarətlərə səbəb olar. Qaz, işıq, su idarələri ərazilərdə mütəmadi yoxlamalar, monitorinqlər aparmalı, qəzalı vəziyyətdə olan, köhnəlmiş boruları, xətləri yeniləməli, təhlükəsizlik məsələlərini gözardı etməməlidir”.
  Mütəxəssisin fikrincə, çoxmərtəbəli binalar inşa ediləndə bütün lazım olan təhlükəsizlik norma və standartlar nəzərə alınmalıdır: “Qaz sızmasından qorunmaq üçün ilk növbədə detektor cihazlarının quraşdırılması vacibdir. Xüsusilə birinci mərtəbədə yaşayan şəxslər bu cihazlardan istifadə etməlidirlər. Avropa ölkələrində binaları tam olaraq detektorla təmin edirlər. Bu cihazlar istənilən tez buxarlanan maddələrə qarşı reaksiya verir. Detektor cihazlarının sayğacın yanında xüsusi klapanı olur. İçəridə sızma olan zaman həmin klapana siqnal ötürülür və qazın mənzilə verilişi avtomatik olaraq dayanır. Ona görə də xarici ölkələrdə bu cür cihazların qoyulması məcburidir. Eyni zamanda yanğına qarşı siqnalizasiya da quraşdırılmalıdır”.

Ekspert telekanallarda məsələ ilə bağlı maarifləndirmə işinin aparılmasını da vacib saydığını deyib:

 “Bu cür hadisələr baş verir, ancaq televiziyalarda maarifləndirmə işlərinin aparılmasına, müzakirələrin təşkilinə rast gəlmirik. Belə hadisələrdən sonra mütəxəssislər dəvət edilməli, müzakirələr aparılmalıdır. Sovet dönəmində hansı ölkədə belə hadisə olardısa, bunun geniş müzakirələri aparılardı. Ancaq indi bu, kimsəni maraqlandırmır. Müzakirələr olarsa, camaat nəticə çıxarıb, maariflənər. Yalnız mətbuatın sayəsində insanlar maariflənirlər”.