Dağın başında da əhali yaşayırsa, ora internet çəkilməlidir

Nazirlik yaxın 1-2 ilə prosesi başa çatdırmağa çalışır

"Alternativ qiymətlər də təklif edilməlidir, vətəndaşlara. Gün ərzində bir neçə saat internetdən istifadə edən vətəndaş niyə 15-20 manatlıq internetə qoşulmalıdır? Kim daha sürətli internet istəyirsə, buna ehtiyacı varsa, yüksək məbləğli internet xidməti üçün yüksək məbləğ ödəyəcək"

  Hazırda Azərbaycanda 472 min evə fiberoptik kabel çəkilib və 2024-cü ilin sonuna qədər Azərbaycanda bütün evlərə, ucqar kəndlərə fiberoptik kabellər çəkiləcək. Bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev noyabrın 21-də “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. O qeyd edib ki, Azərbaycan unversitetlərini hər il İT ixtisasları ilə 3 minə qədər tələbə bitirir. “Biz çalışacağıq ki, digər ixtisaslardan olan tələbələrə, məsələn, fizika, riyaziyyat üzrə tələbələrə də təlimlər keçməklə İT ixtisası üzrə tələbələrin sayını artıraq. Azərbaycanda bu sahədə mütəxəssisə ehtiyac var. 

Azərbaycan Texniki Universiteti ilə razılaşmamız var, yaxın illərdə universitet tərəfindən təhlükəsizlik üzrə 932 mütəxəssis hazırlanacaq və bu sahədə mütəxəssislərin yetişdirilməsi davam etdiriləcək”, - deyə nazir əlavə edib. 

  Məlumdur ki, əhalinin müasir və keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) layihəsi icra edilir. Paytaxt da daxil, respublikanın regionları GPON texnologiyası ilə internet xidmətləri təmin edilir və bu xidmətlər fiber-optik xətləri üzərindən qurulur. 

Görülən işlər çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Bu layihə çərçivəsində hər bir mənzildə istifadəçilər “1 xətt – 3 xidmət” paketinə qoşulmaq imkanı əldə etməlidir. Bu xidmətlərə sabit telefon xidmətindən istifadə, yüksəksürətli internet təminatı və 150-dən yuxarı yerli və beynəlxalq telekanalı izləmə (yaddaşda qalan son 3 günü arxivdən istənilən yayıma baxmaq imkanı ilə) daxildir.
  Lakin əhali görülən işlərdən o qədər də razı deyil. Nazir bütün ölkə vətəndaşlarının fiberoptik internetlə təmin ediləcəyini deyir, amma heç paytaxt tam olaraq təmin edilməyib. Üstəlik, fiberoptik internetin daha sürətli və keyfiyyətli olacağı vəd edilsə də, əhali arasında hələ ki bunu hiss etməyənlər, əksinə, fiberoptik qurulandan internet zəiflədiyini, kəsintilərin artdığını bildirənlər “bir çox yerlərdə çəkilən fiberoptikin sürəti adına layiq deyil. Xüsusilə axşam saatlarında sürətin düşdüyü hiss olunur”, deyir. 

  Məsələ ilə bağlı izah verən Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz nazirliyin yaxın zamanda prosesi başa çatdırmağı planlaşdırdığını deyib: 

- Nazirlik yaxın 1-2 ilə prosesi başa çatdırmağa çalışır. Son iki ildə 400 mindən çox ailəyə fiberoptik internet çəkilib. Fiberoptik internet daha keyfiyyətli, dayanıqlı və ucuzdur. İnanıram ki, 2024-cü ilədək RİNN bütün ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq problemini birdəfəlik bitirəcək. Paytaxtın tam təmin edilməsi ilə bağlı da nazirlikdə bəlli bir yanaşma var. İstənilən halda nazirlik qeyd olunan müddətdə bütün ölkə üzrə, şəhər, kənd, qəsəbə, Bakı və Bakı ətrafında bu məsələni bitirəcəyini, bütün ölkənin əhatə olunacağını rəsmi olaraq bildirib. Yəni vətəndaşın istəyib istəməməyindən asılı olmayaraq infrastruktur qurulub başa çatmalıdır. 

Hətta dağın başında da əhali yaşayırsa, ora da internet xətti çəkilməlidir, yaxud ayrı texnologiya ilə internet verilməlidir. Monitorinqlərimiz də göstərir ki, bu istiqamətdə bir qədər ləng olsa da, işlər aparılır. Hazırda həm dövlət,  həm də çox sayda özəl var ki, Bakı ətrafı və regionlarda GPON texnologiya ilə fiberoptik internet çəkilişini reallaşdırırlar. Məsələn, "Smart", "BirLink", "Baktelecom", "Azeronline", "Transeurocom" və sair.

  Fiberoptik internet məsələsi sosial şəbəkələrdə də müzakirə edilir. İstifadəçilər bildirir ki, GPON ilə monopoliya olmamalıdır, digər şirkətlər də xətlərini çəkib normal şəraitdə fəaliyyət göstərməli, ATS-dən asılılıq aradan qalxmalıdır. Təmirli evlərlə bağlı daha bir problem üzə çıxır. Kabellər divar içi ilə nöqtələrə paylanır, bu isə keçmişə dönüş hesab edilir.  

Optik kabel məcburən açıq şəkildə çəkilməli olacaq və bu, çox eybəcər görünüş yaradacaq. Bir neçə aydır ki, “Citynet” "Ultel" üzərində sahibliyə keçib və artıq əhaliyə gəlib “Huawei” modemi verirlər ki, telefon şəbəkəsi də gələcəkdə işləsin. Bir istifadəçi yazır: “Mən şəxsən imtina etdim şəhər nömrəsindən, çünki onların verdiyi zəif modemi əsas modem kimi istifadə etmək istəmirəm + divar daxilində olan kabellərdisə, modemə kimi optik gəlsə də, bir faydası olmayacaq (xüsusən onların modemi ilə). Rəhbərlikləri qərar verir, lakin nəticələr ilə sıravi əməkdaşları qalır üz-üzə və həll yolları tapa bilmirlər”. Digər istifadəçi isə belə yazıb: “Biz evdə GPON texnologiyalı interneti neçə vaxtdır ki, işlədirik. Məcbur olaraq binanı GPONlaşdırdılar. Keyfiyyət çox aşağı səviyyədədir. Telefonda danışıq səsləri “exo” ilə gəlir, internet isə tez-tez "itir".
  Sual yaranır; fiberoptik, daha sürətli və keyfiyyətli internetə qoşulma məcburi ola bilərmi? Sıravi vətəndaşa mənzilində, adi qaydada, kiçik sürətli (10 manatlıq) internet sərf edirsə, niyə mütləq daha sürətli olduğu iddia edilən və həm də daha baha qiymətə (15 manata) internet xidmətindən istifadəyə niyə məcbur edilməlidir?

  Bu barədə “Şərq”ə danışan hüquqşünas Ələsgər Məmmədli qeyd etdi ki, ölkədə internet xidmətləri hələ də telefon şəbəkəsi üzərindən təqdim olunur, bu da keyfiyyətsizdir: 

- Keyfiyyət qiymətlə uyğunluq təşkil etmir. Fiberoptik internetin ölkə üzrə qurulması, əslində 2015-ci ilədək başa çatmalıydı, lakin gerdüyümüz kimi proses hələ də bitməyib. Bu sahədə monopolist yanaşma mövcuddur.  Şirkətlər dövlət nəzarətində olduğundan rəqabət mühitinin formalaşması üçün şərait yoxdur. Əhaliyə qiymət diktəsi edilir. Hesab edirəm ki, qiymət siyasətinə yenidən baxılmalıdır. İlkin mərhələ üçün dotasiyalar tətbiq edilə bilər. Ən azından bəlli bir müddətə. Alternativ qiymətlər də təklif edilməlidir, vətəndaşlara. Gün ərzində bir neçə saat internetdən istifadə edən vətəndaş niyə 15-20 manatlıq internetə qoşulmalıdır? Kim daha sürətli internet istəyirsə, buna ehtiyacı varsa, yüksək məbləğli internet xidməti üçün yüksək məbləğ ödəyəcək. Eyni qiyməti hamıya və hər kəsə tətbiq etmək, istehlakçı hüquqlarına ziddir.