Təmir əladır, küçələr abadlaşır

Amma dərd odur ki, bir müddət sonra yenə problemlər üzə çıxır

"Dövlətin vəsaiti havaya sovrulmasın deyə təmir işləri mərkəzləşdirilmiş qaydada aparılmalıdır"

  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xətai rayonunun Cavanşir küçəsini əsaslı təmir edib. Bu barədə Agentlik məlumat yayıb. Məlumata görə, 1 400 metr uzunluğa malik sözügedən küçənin təmir işləri çərçivəsində küçəboyu frezlənmə işləri aparılıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Küçə boyu 2 800 p/m yeni bordür, 762 p/m yeni səki daşı düzülüb. Daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, kommunikasiya xətlərinə aid quyu qapaqları layihə hündürlüyünə qaldırılıb və zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılıb. Sonuncu mərhələdə küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılıb. Xətai rayonu üzrə ümumi uzunluğu 13 kilometrdən çox olan küçələrin təmiri bu ilin sonuna qədər yekunlaşdırılacaq. Ötən il rayon ərazisində 14,2 kilometr uzunluğa malik küçədə təmir işləri aparılıb.

  Əlbəttə, küçələrin əsaslı təmiri, asfalt örtüyünün yenilənməsi alqışlanası haldır. Lakin məsələ həm də bundadır ki, əsaslı təmir edilən küçələrdə bir müddət sonra yenə problemlər üzə çıxır. Yolun hansısa hissəsində çökmə əmələ gəlir, çuxur yaranır, asfalt örtüyü də xarab olur. Belə vəziyyət çox zaman yolun hansısa hissəsində kanalizasiya və ya su borusunun deşilməsi, axıtması nəticəsində yaranır. Yaxud da hansısa hissədə qaz boruları, digər kommunikasiya xətləri yenilənir, yol qazılır, qazılmış hissədə işlər tamamlandıqdan sonra isə yolun həmin hissəsi çökək vəziyyətdə qalır. Yağış suları da qısa zamanda asfalt örtüyünü “yuyub aparır”. 

  Məsələ ilə bağlı “Şərq”ə danışan Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd etdi ki, təmir edilmiş yollar qısa müddət ərzində xarab olmasın, işlək vəziyyətdə qalsın deyə, təmir işləri mərkəzləşdirilmiş qaydada aparılmalıdır: 

- Dövlət büdcəsindən yol tikintisinə külli miqdarda vəsait ayrılır. Əlaqədar qurum bu işi görüb başa çatdırır. Bir müddət sonra isə yolda təkrar qazıntı işlərinə başlanılır. Məlum olur ki, qaz xətti çəkilir, yeraltı naqillər dəyişdirilir, su xətti yenilənir və sair. Bu işlər əvvəlcədən planlaşdırılmalıdır ki, dövlətin vəsaiti havaya sovrulmasın. 

Bir küçə 2-3 dəfə təmir edilməsin. Bunun üçün də işlər planlı şəkildə, mərkəzləşmiş qaydada aparılmalıdır. Küçənin təmiri başlamazdan əvvəl ərazidən keçən su xətləri, qaz borusu, digər kommunikasiya xətlərinin sazlığı yoxlanmalı, lazım olan yerdə xətlər dəyişdirilməli, qazıntı, yenilənmə işləri başa çatdıqdan sonra yolun təmirinə, asfalt örtüyünün yenilənməsinə, yol nişanlarının təyininə başlanmalıdır. Yollarda plansız təmir işləri aparıldıqda infrastruktur zədələnir, onun bərpası üçün yenidən yolun qazılması lazım gəlir, yol da xarab olur, asfalt örtüyü də korlanır.

Yol nişanları, keçidlər də qeyri-işlək vəziyyətə düşür. Baxırsan, yolda təmir gedir, amma köhnə yol nişanları olduğu kimi qalıb. Bu, sürücüləri çaşdırır. 

Ona görə də təmir işlərinə başlamazdan əvvəl, ərazidəki infrastrukturun işlək olub-olmaması yoxlanmalı, qazıntı işləri lazımdırsa görülməli, sonra yolun təmirinə başlanmalıdır. Hər inzibati rayonun illik büdcəsi var. Bu büdcəyə uyğun plan tərtib edilməli, vacib işlər müəyyənləşməli və işlərin icrası plana uyğun aparılmalıdır.