Suriyadan dönən uşaqlar...

Onlar da bizimdir, Vətənin bir parçası olmalıdırlar

Mehriban Zeynalova: "Əsas məqsəd bu uşaqları yenidən qazanmaq, onları ölkəmiz, dövlətimiz üçün layiqli vətəndaş olaraq yetişdirməkdir"

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

  Azərbaycan hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq Suriyadan daha 16 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 3-ü qadın, 13-ü uşaqdır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilib. Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən repatriantların qarşılanması və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib. Müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanıb. İlkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanır, daha sonra sosial işçi və psixoloq tərəfindən sosial reabilitasiya prosesi başlayır. Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilir. Bu günədək İraq və Suriyadan ümumilikdə 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib ki, onlardan 380 nəfəri uşaqdır. 

  Bu, kiçik rəqəm deyil. 380 uşaq ortalama 2 uşaq bağçası sakinlərinin sayıdır. Və bu uşaqlar bizimdir. Onları ölkəyə qaytarmaq nə qədər vacibdirsə, yenidən əldə etmək, “qazanmaq” da bir o qədər vacibdir. Buna necə nail olunmalıdır? Azərbaycan “Uşaq hüquqları haqqında” qanunun aliliyinin təmin edildiyi, cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrada olduğu ölkədir. Həm qanunda, həm də məlum strategiyada zorakılığa, diskriminasıyanın müxtəlif növlərinə məruz qalmış, hüquqları pozulmuş uşaqların müdafiəsinin hüquqi əsasları və icra mexanizmləri işlənib, hazırlanıb. Bu mexanizmlərin həyata keçirilməsi, uşaqların təkcə müdafiəsi deyil, həmçinin hüquqlarının bərpası və onlaın cəmiyyətə inteqrasiyasından asılıdır. Təhlükələrə məruz qalmış uşaqların fiziki sağlamlığı, mənəvi cəhətdən üstün keyfiyyətlərə malik olması sosial reabilitasiyanın təşkilinə bağlıdır.      

  “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında xarici ölkələrdən hüquqi çərçivələrə uyğun qaydada ölkəyə qaytarılan uşaqların sosial reabilitasiyasının vacib məsələ olduğunu deyib: 

- Sirr deyil ki, bu uşaqlar çətin şərtlərdə dünyaya gəlib, körpəlik, erkən yaş dövrləri də mürəkkəb hərbi-siyasi şəraitdə keçib. “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nda  zorakılığa məruz qalmış uşaqların hüquq və mənafelərinin qorunması ayrıca qeyd edilir. Bu, yalnız ölkə daxilində, ailə içində və ya digər müstəvilərdə zorakılığa məruz qalanlara aid deyil. Burada həm də vaxtilə müəyyən səbəblərdən ölkədən xaricə getmiş valideynlərin məskunlaşdıqları ölkələrdə dünyaya gətirdikləri və çətin şəraitdə böyüdülən uşaqların hüquqlarının müdafiəsini də özündə ehtiva edir. Bu uşaqların hansı şəraitdə yaşadığı, hansı şəraitdə böyüdüyünü həmin regionların siyasi-hərbi mənzərəsinə baxmaqla müəyyən etmək asandır. Sevindiricidir ki, Azərbaycan dövləti milli, dini, siyasi mənsubiyyətindən, dünyaya baxışlarından asılı olmayaraq həmin valideynlərin övladlarına sahib çıxır, onların ölkəyə qaytarılması üçün prosedur qaydaları həyata keçirir. Əlbəttə, onlar bizim uşaqlardır və Vətənə qayıtmalıdırlar. Qalır, onların cəmiyyətə sağlam şəkildə inteqrasiyası, sosial, hüquqi təminatları, bunu da Azərbaycan hökuməti həyata keçirir. Bu uşaqlar və onların valideynləri də həmçinin, qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından yararlanmalı, onlara lazımi yardım göstərilməli, sosial xidmətlərlə təmin edilməlidirlər. Burada əsas məqamlardan biri uşaqların bundan sonra sağlam nəsil olaraq yetişdirilməsidir. 

M.Zeynalova qeyd  edib ki, bu məqsədə nail olmaq üçün uşaqların təhsilə cəlb edilməsi vacibdir: 

- Əgər o uşaqlar arasında məktəbyaşlılar varsa, mütləq təhsilə cəlb edilməli, bağça yaşlılar da bağçalara cəlb edilməlidir. Təbii ki, əvvəlcə sosial reabilitasiya proqramları icra olunmalıdır. Uşaqların sağlamlığı bərpa edilməli, təməl ehtiyacları qarşılanmalı, ailəsi olanların ailələrə qayıtması üçün səy göstərilməli, valideyni varsa, valideynlə birlikdə, yoxdursa, yaxın qohumlarla əlaqə saxlanmalı, uşaqlara sahib dura biləcək, bunu istəyən şəxslər müəyyənləşməli, onlarla əlaqə yaradılmalı və uşaqların ailəyə təhvil verilməsi prosesi başa çatdırılmalıdır. Bu ona görə vacibdir ki, uşaqların sosial reabilitasiyasında ailə mühiti böyük əhəmiyyət daşıyır. Ailə mühitində uşaq daha tez cəmiyyətə inteqrasiya olunur. Uşağın ailəsinin olması, ona doğmaların, yaxın qohumların sahib çıxması çox önəmlidir. Yox əgər belə imkan yoxdursa, təbii ki, dövlət müəssisələri var, uşaqlar bu müəssisələrə yerləşdirilir və sosial proqramlarla əhatə olunurlar.  

Bu məsələlərdə sosial-psixoloji xidmət işinin keyfiyyətli təşkili də çox əhəmiyyətlidir. Çünki bu uşaqlar həm çətin həyat şəraitində yaşayıb, həm də psixoloji gərkinlik şəraitində. Onlara psixoloji dəstək mütləq verilməlidir. Bütün bu məsələlər “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın əsas istiqamətlərində əks olunub. Fəaliyyət Planında çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial müdafiəsi və reabilitasiyasının vacibliyi vurğulanır. 

Ölkədə reabilitasiya mərkəzləri, sığınacaqlar fəaliyyət göstərir, qaynar xətt və dəstək xidmətləri mövcuddur. Hazırkı situasiyada mövcud uşaq müdafiə mexanizmlərinin daha təkmil və müasir tələblərə uyğun formalaşdırılması, hər bir uşağın maraq və ehtiyaclarının nəzərə alınması vacibdir. 

Çətin həyat şəraitində, zorakılığa məruz qalmış uşaqlara həssas yanaşılmalıdır. Onlarla psixoloqlar və sosial işçilər məşğul olmalıdırlar. Əsas məqsəd bu uşaqları yenidən qazanmaq, onları ölkəmiz, dövlətimiz üçün layiqli vətəndaş olaraq yetişdirməkdir.