"Qırmızı xətlə" "Yaşıl xətt"in ayrılması vacibdir

Metroya əlçatanlıq artsa, insanların çoxu şəxsi avtomobillərindən imtina edəcək

  “Hazırda Bakı metrosunun intervalına təsir edən "Qırmızı xətlə" "Yaşıl xətt"in ayrılması layihəsinin icrası qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Amma 2027-ci il perspektiv planda bu var. Fərqli variantlarla 3 həftədən 6 aya kimi “28 May” stansiyasının bu layihənin icrası zamanı tamamilə bağlanacağı bildirilir.  Çətin və problemli görünsə də icrası önəmli olan layihədir”. Bu məlumatı nəqliyyat problemləri üzrə mütəxəssis Rauf Ağamirzəyev feysbuk səhifəsində paylaşıb. 
  
“Qırmızı xətlə” “Yaşıl xətt”in ayrılması nə vəd edir? Müəllif qeyd edir ki, bu layihənin icrası metroda sərnişin sıxlığının azalmasına, sərnişinlərin mənzil başına daha tez çatmasına, ictimai nəqliyyatın yükünün artmasına, nəticə etibarilə yerüstü nəqliyyatda tıxacların aradan qalxmasına səbəb ola bilər. “Sərnişin axınının parçalanması bir xəttin yüklənməsinin qarşısını alır. Keçid stansiyaları dünyanın hər yerində mövcuddur. İndiki halda “28 may-Həzi Aslanov” 2 dəqiqə, “28 may -Dərnəgül” 4 dəqiqə intervalla hərəkət edir. Xətlər ayrılsa “Dərnəgül” istiqamətini 2 dəqiqə intervala endirmək mümkündür. Xətlər ayrıldıqda “İçərişəhər - Həzi Aslanov” qırmızı xətt, “Xətai - Dərnəgül” (“Cəfər Cabbarlı” keçid stansiyası) yaşıl xətt, “Xocahəsən - 8 Noyabr” bənövşəyi xətt olacaq”. 

“Dərnəgül” istiqamətinə gedənlər “28 May”da keçid etməli olmayacaq. “Cəfər Cabbarlı” stansiyasından istifadə edəcəklər. Bu da “28 May”da sərnişin sıxlığını azaldacaq. Sərnişin axını “parçalanacaq”. Müəllif qeyd edib ki, yeni stansiyalar daha uzun – 7-8 vaqonlu qatarlar üçün nəzərdə tutularaq tikilir və perronlar da genişdir.  Müəllif hesab edir ki, metro xətləri minimal səviyyədə də olsa, mütləq genişləndirilməlidir: “Bu dəqiqə “Bənövşəyi xətt”in şəhər mərkəzinə uzadılması və “Yaşıl xətt”in “Dərnəgül”dən “Koroğlu”ya, “Xətai”dən “Həzi Aslanova” uzadılması şəhər üçün kritik vacibdir. 

Metroya əlçatanlıq  artsa, insanların çoxu şəxsi avtomobillərdən imtina edəcək. Müəllif qeyd edib: “Bizim strateji hədəfimiz yüngül relsli dəmiryol sisteminin - tramvayın şəhərə qaytarılmasıdır. Daha az investisiya ilə daha tez və hiss olunan nəticə əldə etmək mümkündür”.