Müəllimləri, şagirdləri, hətta tələbələri gediş haqqından azad etmək olar


İqtisadçı millət vəkilinin təklifini alqışladı və hesab edir ki, problemin həlli və icrası mümkündür

"Bunu reallaşdırmaqla Azərbaycan hökuməti böyük rəğbət qazanacaq, belə bir sosial proqramı icra etdiyinə görə dünya dövlətləri sırasında öncül olacaq"

  Müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat gündə heç olmasa 2 dəfə pulsuz olmalıdır. “Şərq” xəbər verir ki, bu təkliflə Milli Məclisin dünən keçirilən plenar iclasında deputat Naqif Həmzəyev çıxış edib. Millət vəkilinin təklifi, əlbəttə, müəllim və şagirdlərin ürəyincədir. Təkcə onların da deyil, valideynlərin də. Hətta iqtisadçıların da. Müəllim, şagird, valideynlərin təklifi alqışlaması başadüşüləndir. Müəllim təhsil verən, şagird təhsil alandır. 

Valideyn də təhsil haqqı ilə yanaşı, gediş haqqı da ödəyən. Bir halda ki, ölkədə təhsil icbaridir, uşaqların təhsil almalı olduğunu hər kəs təsdiqləyir, təhsildən yayınmaların qarşısının alınmasına çalışır, o zaman şagird məktəbə getmək üçün niyə gediş haqqı ödəməlidir? Bu, paradoksdur. Həm təhsilin icbari olduğunu deyirik, uşaqların təhsildən yayınmasının qarşısını almağın yollarını araşdırırıq, şagird niyə yol pulu ödəsin ki?! Təhsilə təşviq etməyin bir yolu da ödənişsiz gediş haqqı ola bilər. Şagirdi valideynindən yol pulu istəməkdən, valideyni də övladının cibinə yol pulu qoymaq qayğısından azad etməklə məktəbə rahat gediş-gəlişini təmin etmək, bununla da təhsilə əlçatanlığı daha da əlçatan edə bilərik. Şagird pul qazanmır, gəliri yoxdur. Onun gediş haqqını valideyni ödəyir. Valideyni də bu əlavə xərcdən azad etmək olar. Müəllimlərlə bağlı məsələyə bir qədər fərqli yanaşmaq mümkündür. Hər halda müəllim əməkhaqqı alır, az və çox. Məktəb müəllimin iş yeridir və o, təhsil verdiyi üçün əməkhaqqı ilə təmin edilir. Lakin təhsil verməyin mötəbər bir iş, uşaqların savadlanmasına, təhsilli olmasına yönələn zəruri iş olduğu nəzərə alınmaqla, əslində müəllimləri də gediş haqqı kimi əlavə xərclərdən azad etmək mümkündür.           

  Qeyd edək ki, iqtisadçılar da məsələyə iqtisadi kontekstdən baxaraq təklifi real dəyərləndirirlər. İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd edib ki, millət vəkilinin təklifi alqışlanmalıdır: 
- Bu, çox yaxşı təklifdir, qəbulu və icrası da mümkündür.  Araşdırma aparıldıqda hökumətin izafi xərclərinin həddindən artıq çox olduğu görünür. O qədər izafi xərclər, böyük bir fərq yaratmayan, hansısa nəticəyə əsaslı təsir göstərməyən elə işlər, layihələr icra olunur ki, onları etməmək də olar. Hökumət bu xərcləri minimuma endirsə, müəllimləri də, şagirdləri, hətta tələbələri də gediş haqqı ödənişindən azad etmək mümkündür. Müəllimlərin əməkhaqqı yüksək deyil, şagirdin heç bir gəliri yoxdur, tələbə də nə qədər təqaüd alır ki, onu da yol puluna xərcləsin? Sosial rifah nöqteyi-nəzərindən də bu, gözəl təklifdir. Bunu reallaşdırmaqla Azərbaycan hökuməti böyük rəğbət qazanacaq, belə bir sosial proqramı icra etdiyinə görə dünya dövlətləri sırasında öncül olacaq. Hökumətin bu addımı istənilən halda alqışlanacaq. Buna bizim iqtisadi imkanlarımız yetir. Sadəcə, məsələnin həlli üçün daşıyıcı şirkətlərə dotasiya ayrılmalıdır. Müəllim, şagird və tələbələr üçün ictimai nəqliyyatdan istifadəni ödənişsiz etməklə, bu təbəqənin xərclərini azaltmış olacağıq. Yüksək əməkhaqqı almayan müəllimlərin də xərclərinə diferensial yanaşma olacaq. 
  F.İbrahimov bildirdi ki, hər il dövlət büdcəsindən təhsil sahəsinə vəsait ayrılır. Ayrılmış vəsaitin bir hissəsi “digər xərclər üçün” nəzərdə tutulur: 
- “Digər xərclər”in təyinatı nədir? Vəsaitin bu hissəsi hara, nəyə xərclənir, bilinmir. Dövlət büdcəsindən təhsil sahəsinə ayrılmış puldan daşıyıcı şirkətlərə vəsait ayırmaq da olar. İldə bir gün Muzey günü elan edilir və həmin gün muzeylərə giriş ödənişsiz olur. Lakin şagirdlər üçün muzeylərə giriş daim ödənişsiz olmalıdır. Əgər biz uşaqlarımızın maariflənməsini, Azərbaycan incəsənəti, tarixi, ədəbiyyatı ilə yaxından, görüntülü tanış olmasını istəyiriksə, muzeylər, incəsənət mərkəzləri, teatr və kino zallarının qapılarını uşaqların üzünə ödənişsiz qaydada açmalıyıq. Bunun üçün də həmin “digər xərclər” bölümünə aid vəsaitdən istifadə edilməlidir. Hər şey uşaqların təhsilinə, maariflənməsinə hesablanmalıdır. Hesab edirəm ki, millət vəkilinin təklifi hökumət tərəfindən dəyərləndirilməlidir, Təhsil Nazirliyi də konkret təkliflər irəli sürməlidir.