“Biz bu mükafata layiqik”


Mirvari Qəhrəmanlı təşkilatının bütün üzvlərini, ekspertləri, tərəfdaşlarını təbrik edib

  Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı 2022-ci il üçün "İnsan Hüquqları və Biznes sahəsində Mükafat"ının qalibi olub. "İnsan Hüquqları və Biznes sahəsində Mükafat" Fondunun təsis etdiyi bu mükafatın qalibi noyabrın 29-da Birləşmiş Millətlər Təşkilatının sahibkarlıq fəaliyyəti və insan hüquqları məsələləri üzrə illik Forumu çərçivəsində elan edilib. Mükafat "insan hüquqlarının sahibkarlıq fəaliyyətinin mənfi təsirindən qorunması sahəsində böyük uğurlara malik" hüquq müdafiəçilərinə təqdim edilir. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı 1996-cı ildə bir qrup neftçi tərəfindən təsis edilib və əsasən Azərbaycanda neft-qaz hasilatı və emalı ilə məşğul olan şirkətlərin insan hüquqlarına təsiri məsələləri ilə məşğul olur. Təşkilat neft-qaz sektorunda çalışanların hüquqlarını müdafiə edir və böyük neft-qaz layihələrinin ictimai monitorinqini aparır. Bundan başqa təşkilat neft-qaz gəlirlərinin bütün cəmiyyətin mənafeyi naminə şəffaf və ədalətli şəkildə xərclənməsi uğrunda mübarizə aparır. "2022-ci il üçün mükafatı NHMT-yə - kiçik, amma neft sahəsinin üstünlük təşkil etdiyi ölkədə insan hüquqlarının müdafiəsi üçün böyük işlər görən çox hörmətli təşkilata təqdim etməkdən şadıq", -  Kristofer Eyveri (Christopher Avery) Fondunun direktorlar şurasının üzvləri Riqan Ralf və Valeriya Skortsa  bu gün bildirib. NHMT-nin fəaliyyət dairəsinə neftçilərin hüquqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi, energetika sahəsində layihələrə ictimai nəzarətin təşkili daxildir.
  Təqdimat mərasimində çıxış edən M.Qəhrəmanlı bu barədə sosial şəbəkədə “rus dilində Şəki ləhcəsiylə” ifadəsi ilə paylaşım edib. Qalibi təbrik etmək üçün Mirvari xanımla əlaqə saxladıqda hazırda xarici ölkədə olduğunu dedi və əlavə etdi ki, nominasiya üzrə qalibi hər hansı təşəbbüs, təqdimat olmadan beynəlxalq təşkilat özü müəyyən edir: “Biz bu mükafata layiqik, təşkilatmızın İdarə Heyəti, üzvləri, ekspertləri, tərəfdaşları... hamısına təşəkkür edirəm və hamını təbrik edirəm. Var olun”. “Şəki ləhcəsi” ifadəsinə isə belə aydınlıq gətirdi: “Şəkili hansı dildə danışmağından asılı olmayaraq həmişə Şəki ləhcəsi ilə danışır. Təqdimat mərasimindəki çıxışıma qulaq asdım, gördüm ki, elə şəkiliyəm ki şəkili!”.