Böyük narazılıq yarandı


Anti-Türkiyə filmi Bakıda nümayiş etdirilməyəcək 

Azər Həsrət: “Azərbaycan dövlətinin icazəsi ilə fəaliyyət göstərən səfirliklər, diplomatik nümayəndəlik və beynəlxalq təşkilatlar Azərbaycan dövləti qanunlarına tabe olmağa borcludur”

  Anti-Türkiyə mövzusunda lentə alınmış “Odda – İki bacı” ("Sisters apart") filminin yayımına cəhd edilməsi ölkəmizdə narazılığa səbəb olub. 

  Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş filmin nümayişindən imtina edib. Lakin buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə "Landmark"da nümayiş etdirmək niyyətindədir. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb. Elanda bildirilir: “Almaniyanın Bakıdakı səfirliyi Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə birlikdə sizi film nümayişinə dəvət edir. "Odda - İki Bacı". Təəssüf ki, bundan qabaq kinoteatrın filmi qısa müddətdə təxirə salması səbəbindən Aİ Film Festivalında göstərilə bilmədi. Nümayiş 5 dekabr 2022-ci il bazar ertəsi saat 19:00-da baş tutacaq. "Landmark" kinoteatr zalında ("CineClub", 1-ci mərtəbə), Ünvan: Nizami küç. 90A. Film orijinal alman versiyasında ingilis subtitrləri ilə nümayiş etdiriləcək. Giriş sərbəstdir! Sinopsis: Rojda əslən kürddür və alman ordusunda əsgər kimi xidmət edir. Anası İraqdan qaçır və bacısı orada itkin düşəndə, o, bacısını axtarmaq üçün təyinatını köhnə vətəninə saldırır. İraqda o, yoldaşları ilə birgə kürd peşmərgə döyüşçülərinə təlim keçir. Birdən-birə isə o özünü döyüşün ortasında tapır və qərar verməli olur”. 


  Qeyd edək ki, filmin rejissoru yunan əsilli Dafne Karizanidir. Filmdə Almaniya bundesverinin hərbçisi olan Rojda Xani İraqda kürd hərbçilərə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçir. Amma kimsə bilmir ki, o, əslində itkin bacısı Bərivanı axtarır. Həmçinin filmin süjet xəttində Türkiyə hərbçiləri qəddar, qaniçən, məkrli "potensial düşmən" kimi göstərilir. Filmin pandemiya səbəbindən baş tutmayan “Berlin Kürd Film Festivalı”nda açıq nümayişi baş tutmayıb. 2020-ci ilin oktyabrında festival filmləri onlayn nümayiş etdirilib.   

  Bakı kinoteatrları haqlı olaraq belə bir filmin nümayişindən imtina edib. Azərbaycanla qardaşlıq münasibətlərində olan ölkəyə qarşı hazırlanmış bir filmin Bakıda, hansı məkanda olursa-olsun nümayişi yolverilməz hesab edilir. 

  Məsələ ilə bağlı “Şərq”ə danışan ictimai xadim, politoloq Azər Həsrət qeyd etdi ki, Azərbaycan Respublikası ərazisində, Azərbaycan dövlətinin icazəsi ilə fəaliyyət göstərən səfirliklər, diplomatik nümayəndəlik və beynəlxalq təşkilatlar Azərbaycan dövləti qanunlarına tabe olmağa borcludur. Əlbəttə, beynəlxalq öhdəliklər, beynəlxalq qanunlar öz yerində, lakin Azərbaycan xalqı üçün, yaşadığımız region üçün həssas sayılan məsələlərdə diqqətsiz yanaşacaq qədər ədəbsizlik etməməlidirlər: 

- Əgər Azərbaycan kinoteatrları mövzunun həssaslığını haqlı olaraq nəzərə alıb filmin nümayişindən imtina edirlərsə, buna anlayışla yanaşmalı və sərhədləri daxilində olduqları dövlətin mövqeyinə hörmət etməlidirlər. İstər Almaniya səfirliyinin, istərsə də Aİ-nin Azərbaycandakı nümayəndəliyi cəmiyyətin narazılıqla qarşıladığı məsələdə israrçı davranaraq ədəbsizlik etməməlidir. 

Hesab edirəm ki, Azərbaycan tərəfi diplomatik kanallar vasitəsilə xəbərdarlıq etməlidir ki, bu ədəbsizliyə dözən deyil. Eləcə də “Landmark” iş mərkəzi və rəhbərliyi də Azərbaycan ərazisində yerləşdiyini və fəaliyyət göstərdiyini unutmayaraq, Azərbaycan dövlətinə və xalqına qarşı ədəbsizliyə yol verməməlidir. Bu gedişlə, günün birində bu və bu kimi mərkəzlər erməni təbliğatı da apara bilər. Ona görə də səfirlik və nümayəndəliklə yanaşı həmin iş mərkəzinə də xəbərdarlıq edilməlidir ki, bu cür qeyri-etik davranışlar qəbuledilməzdir. Və filmin nümayişi də dövlət səviyyəsində əngəllənməlidir. 
  Qeyd edək ki, Mədəniyyət Nazirliyi də sözügedən filmin Azərbaycanda nümayişi ilə bağlı məlumat yayıb. 

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur: "Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə nazirlik tərəfindən yayım vəsiqəsi verilməyib və istər nazirliyin tabeliyində fəaliyyət göstərən “Nizami” Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb. 

Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”.