Sabir Rüstəmxanlı hiddətləndi

“Sənin nə sözün varsa, mənə ayrıca yaza bilərsən, amma şəkil və şeir paylaşmama "bunları burax", deyə bilməzsən”

“Millət vəkillərinin hamısı bir deyil, lakin çoxu imkan daxilində ölkədəki haqsızlıqları dilə gətirir. Lakin bu dədər düşməni olan, yurdları viran qoyulmuş, yaralarını sağaltmaq istəyən bir ölkədə hər şeyin birdən-birə düzələcəyini gözləməyək”


  Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı sosial şəbəkədə payız fəsli ilə bağlı paylaşım edib. Bir qucaq xəzəllə fotosunu paylaşan şair bu misraları əlavə edib:   

Təbiət ağlayır adamdan betər, 
Heç belə qırmızı göz yaşı olmaz.
Bir çılpaq ağacdı ortada qalan, 
Canlıdır, canlıdan baş daşı olmaz.
Çiynimə bir yarpaq qonur astaca,
Bəlkə də ömrümün xəritəsiydi,
Bəlkə də özümdüm budaqdan düşən,
Bir doğma ürəyin ilk arzusuyla
İsidən olsaydı diriləsiydim...

  Xalq şairinin paylaşımı xeyli bəyənmə qazanıb. Şairə cansağlığı, uzun ömür arzulayanlarla yanaşı irad bildirənlər də olub. Şairi – millət vəkilini payızı vəsf  etməkdənsə, daha vacib problemlərlə maraqlanmağı “məsləhət görüblər”. Sabir Rüstəmxanlı irad bildirənlərə belə cavab verib:    
 
“... Məni tanıyanlar bilirlər ki, xalqı düşünən, onun haqlarını müdafiə edən, bu yolda mübarizə aparan adamam və bunun çox əziyyətini çəkmişəm. Sənin (irad bildirən şəxs – red.) nə dediyini, nə istədiyini, camaatımızın çətinliklərini bilirəm və bunu həmişə deyirik, bu barədə yarım əsrdir yazırıq. Siz isə haqqın harda olduğunu bilmirsiniz, yananla, yandıranı qarışdırırsınız. Sözü kimə və harda deməyi bilmirsiniz. Hamını ittiham etmək olmaz. Millət vəkillərinin hamısı bir deyil, lakin çoxu imkan daxilində öz sözünü deyir, seçicilərinin şikayətlərini, ölkədəki haqsızlıqları dilə gətirir. Lakin bu dədər düşməni olan, yurdları viran qoyulmuş, yaralarını sağaltmaq istəyən bir ölkədə hər şeyin birdən-birə düzələcəyini gözləməyək. Məsələ təkcə qiymət siyasətinin yanlışlığı və sosial yardımın bölgüsündəki haqsızlıqlarda deyil. Bəyənmədiyiniz deputatların içində bu dövlətin və millətin bütün dərdlərini görən və deyənlər var.

 Deputat qanun verir, onu icra edənlər başqalarıdır. Mən şairəm. Bir payız ovqatıyla paylaşdığım şəkli, oradakı şeiri bu məsələlərlə qarışdırma! Seçicilər qarşısında öhdəliklərim var və onları imkan daxilində yerinə yetirirəm, lakin öz ruhumu da onlara əsir edə bilmərəm. Balaca bir şeir paylaşan kimi "bunları buraxın", demək - "sənin 50 illik yazı-pozunun heç bir dəyəri yoxdur, bunu unut", deməkdir və mən bunu özümə, ədəbiyyat və mədəniyyətimizə hörmətsizlik sayıram. Ən azı buradakı yorumlara bax! Sənin nə sözün varsa, mənə ayrıca yaza bilərsən, amma şəkil və şeir paylaşmama "bunları burax", deyə bilməzsən. Hərə öz sözünün və rəftarının məsuliyyətini bilməlidir. Bir-birimizə sayğımızı itirməyək!..”. 

  Qeyd edək ki, sosial şəbəkə izləyiciləri bu cavabdan sonra xalq şairini dəstəkləyib və bəyənmə işarəsi qoyublar.