Könüllülər dəstək verməlidir

Ekologiya və ətraf mühitin mühafizəsi

Ağacəkmə aksiyaları, yaşıllıqların salınması və bərpası ekoloji tarazlığın bərpası üçün cox vacibdir

  “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən bağı” layihəsinin icrasını davam etdirir. Hər rayonda həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağaclar əkilir. Layihə iki ali məqsəd daşıyır. Birincisi, şəhid adının yüksəkliyinin təbliği, Vətən uğrunda canından keçənlərin xatirəsinin daim yad edilməsi, ikincisi isə ölkəmizin ekoloji mühitinə töhfə vermək. Şəhidlər Ana torpaq üçün canından keçibsə, bizim də borcumuz torpağın dəyərini bilmək, Ana təbiəti qorumaqdır.  Bununla da “Vətən bağı” layihəsi bu yüksək mənəvi dəyərlərə xidmət edir. 

Xatırladaq ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb.  2021-ci ildən etibarən Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu “Vətən bağı” layihəsini həyata keçirməyə başlayıb.  Ağacəkmə layihəsi ilk olaraq Kürdəmir, Saatlı, Qəbələ və Neftçala rayonlarında keçirilib. Adıçəkilən rayonlarda ümumilikdə 900-ə yaxın ağac əkilib. Daha sonra Biləsuvar, Gəncədə də eyni aksiyalar keçirilib. Ağacəkmə kampaniyalarında Kapital Bankın əməkdaşları, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib. Xeyirxah aksiyalar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "PAŞA Holdinq"in və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə keçirilib.

  Bir neçə gün əvvəlsə ağacəkmə aksiyası "PAŞA Holdinq"in dəstəyi ilə Masallı, Oğuz, Naftalan, Ucar, Göyçay və Goranboyda həyata keçirildi. Masallıda 250, Oğuzda 150, Naftalanda 50, Ucarda 200, Göyçayda 280, Goranboyda isə 350 ədəd olmaqla, ümumilikdə 1280 ədəd sərv, şam və tuya ağacı əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, qazilər, "PAŞA Holdinq"in, Kapital Bank-ın və “Qırmızı Ürəklər” Fondunun əməkdaşları iştirak etdi.  Həmişə olduğu kimi bu dəfə də aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə keçirildi. 

“Vətən bağı” əsasən insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunur. Bununla da ölkə ərazisində “Vətən bağ”larının sayı 23-ə çatıb və ağacəkmə mövsümü zamanı digər bölgələrdə davam etdiriləcək. Əkilən ağaclara qulluq olunması, suvarılması və digər lazımi tədbirlər yerli icra hakimiyyəti orqanları və “Qırmızı Ürəklər” Fondu tərəfindən həyata keçirilir. 

Ağacəkmə aksiyaları təbii ki, nəcib xarakter daşıyır, ekoloji sağlamlığa xidmət edir. Amma Dədə Qorqudun məşhur kəlamını da xatırlayaq: torpağı qorumayacaqsansa, əkib-becərməyə dəyməz. Əkib-becərməyəcəksənsə, qorumağa dəyməz. Bu mənada ağacların əkilməsi onları qorumaqdan keçir. Yay mövsümü ərzində ölkənin müxtəlif bölgələrində meşə massivlərində yanğınlar törədilməsinin, təbiətə ziyan vurulmasının şahidi olduq. Ekologiyaya ziyan vuranlar məsuliyyətə cəlb edilir. DİN-in yaydığı məlumatda da bu əksini tapıb. Məlumatda bildirilir ki, ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə daxili işlər orqanları zəruri tədbirlər həyata keçirir. 2022-ci ilin ötən dövrü ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qanunsuz ağackəsmə faktı üzrə 173,  balıq və başqa su heyvanlarını tutmağa görə 99, qanunsuz ovla bağlı isə 1 cinayət işi başlanılıb. 

Eyni zamanda meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 2433 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb. Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlərini davam etdirib. Bu istiqamətdə keçirilən birgə tədbirlər zamanı 10.800 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.

  “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Şərq”ə açıqlamasında qeyd edib ki, ağacəkmə aksiyaları, yaşıllıqların salınması və bərpası ekoloji tarazlığın bərpası üçün cox vacibdir. Lakin vacib olan həm də mövcud yaşıllıqların, ağacların, meşə massivlərinin qorunmasıdır. Bu məsələdə isə dövlət orqanları ilə yanaşı ictimaiyyət də məsuliyyət daşıyır:  

- Bir qrup ictimai fəal Vətən müharibəsindən sonra maraqlı təşəbbüslə çıxış edib. "Vətən bağı" layihəsi çərçivəsində bölgələrdə şəhidlərin xatirəsinə ehtiram olaraq, həm də yaşıllıq sahələrini artırmaq üçün ağacəkmə aksiyaları keçirilir. Olduqca nəcib təşəbbüsdür.

 Onsuz da ölkəmizdə meşə fondu çox azdır. İri sənaye şəhərlərində işbazlar çoxillik ağacları, yaşıllıq sahələrini məhv ediblər. Hesab edirəm ki, xüsusən iri şəhərlərin ətrafında yaşıllıq sahələri salınmalı, ağacların sayı artırılmalıdır. 

Bu iş dövlət qurumlarının, bələdiyyələrin təşkilatçılığı ilə həyata keçirilməlidir. İctimaiyyət nümayəndələri, tələbələr, könüllülər bu aksiyalara dəstək verməlidir. Bildiyim qədər Tərtərdə belə bir bağ salınıb. Bu təcrübə digər bölgələrə də yayılmalıdır.