Qərb bölgəsinin dağlıq rayonlarında avtomobil yolları buz bağlayıb


Qərb bölgəsinin dağlıq rayonlarında qarlı və dumanlı hava şəraiti müşahidə olunur, yüksək ərazilərdə isə avtomobil yolları buz bağlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarında müşahidə olunan qarlı və dumanlı hava şəraiti səbəbindən bəzi avtomobil yollarında nəqliyyatın hərəkəti qismən çətinləşib.

Dekabrın 3-dən müşahidə olunan yağıntılı hava şəraiti nəzərə alınaraq aidiyyatı qurumlar tərəfindən yollara qum səpilir, avtomobillərin hərəkətini təmin etmək üçün lazımi işlər aparılır.

Yollarda böyük tıxacların yaranmaması və avtomobil qəzalarının baş verməməsi üçün Dövlət Yol Polisinin əməkdaşları da ərazilərə cəlb olunub və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin bərpa edilməsi üçün tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Report"un Qərb bürosuna bildirib ki, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yollarda intensiv xidmət aparır.

"Sürücülərdən xahiş olunur ki, həmin ərazilərdə müşahidə olunan hava şəraitini nəzərə alaraq sürət həddi və yol-hərəkət qaydalarına tam riayət etsinlər", - DİN rəsmisi bildirib.