Bakı-Quba yolunda uzun tıxac yarandı

Dekabrın 4-ü axşam saatlarında Bakı-Quba yolunda uzun məsafəli tıxac yaranıb.

Axar.az xəbər verir ki, avtomagistralın Xızı rayonu ərazisindən keçən hissəsində müşahidə olunan tıxac üç saata yaxındır davam edir. Yolun bu hissəsində avtomobillərin sürəti saatda 5 kilometrədək aşağı düşüb. Bu səbəbdən yaranan tıxac 15 kilometrə yaxın məsafədə uzanır.

Yolda olan sürücülərin bildirdiyinə görə, tıxac yolun təmir olunan hissəsində bəzi avtomobillərin qarşı hərəkət zolağına çıxması səbəbindən yaranıb.

Hazırda Dövlət Yol Polisi əməkdaşları hərəkətin tənzimlənməsi istiqamətində tədbirlər görürlər.