Azərbaycan mediasında öz çəkisi ilə seçilən "Report" İnformasiya Agentliyinin redaktoru, tanınmış jurnalist İmdad Əlizadənin doğma Bakı Dövlət Universitetində (BDU) mühazirəsi tələbələrlə birlikdə yeni bilgilərə yiyələnməyimizə səbəb oldu. Doğrusu, redaktorumdan bir müddət əvvəl dərsimdə iştirak etməyini və tələbələrimiz üçün "Müsahibə zamanı psixoloji məqamlar" mövzusunda mühazirə oxumağını xahiş etmişdim. Gərgin iş rejiminə baxmayaraq, sağ olsun, dəyərli vaxtından ayırıb razılıq vermişdi. Onun məhz bu mövzuda öz təcrübələrini bölüşməsi ilə bağlı istəyim isə uzun illər jurnalist fəaliyyəti ilə məşğul olan İmdad müəllimin həm də ixtisasca psixoloq olmasına görədir.
Beləliklə, İmdad müəllimlə birlikdə Bakı Dövlət Univerditetinə yollanırıq. Universitetin girişində bizi qarşılayan mühafizə işçiləri qonağımızla bağlı müəyyən dəqiqləşdirmələr apardıqdan sonra içəri daxil oluruq. Birlikdə 2 saylı tədris binasının üçüncü mərtəbəsinə qalxır və auditoriyaya tərəf addımlayırıq. Bu zaman bəzi tələbələr yaxınlaşıb üzrlü səbəbdən bir neçə dəqiqə gecikəcəkləri ilə bağlı məni məlumatlandırır, bəziləri isə artıq bir neçə dəqiqədir mühazirənin başlayacağını səbrsizliklə gözlədiklərini bildirirlər. Paralel qrupda oxuyan tələbələr də İmdad Əlizadənin mühazirəsini dinləmək istədiklərini söyləyir, auditoriyada əyləşmək üçün məndən razılıq gözləyirlər. Onların bu mühazirədə dinləyici olmaq arzusu, təbii olaraq, məni çox sevindirir.
Qrupun müəllimi, vaxtı ilə mənə də dərs demiş Rəhilə Kəsəmənli və İmdad müəllimlə məsləhətləşmələr apardıqdan sonra onların da mühazirədə iştirakına razılıq veririk. Tələbələr isə auditoriyada öz yerlərini tutur və diqqətlə bizə qulaq asırlar.
Mühazirədən əvvəl Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən İmdad müəllim haqqında tələbələri qısa məlumatlandırır və redaktorumun da bu universitetin məzunu olduğunu onların diqqətinə çatdırıram.
İmdad müəllimin bu ali məktəbdə təhsil aldığını bilsəm də, düzü, BDU-nun onun üçün bu qədər doğma olduğunu əyani görməmişdim. İxtisasca psixoloq olan İmdad müəllim Sosial elmlər və psixologiya fakültəsində təhsil alaraq bakalavr, magistratura və doktorantura dərəcələrinə yiyələnib.
Beləliklə, redaktorum mühazirəsinə başlayır. İmdad müəllim ilk dəqiqələrdən etibarən auditoriyanı ələ alır. Qonağımız nitqinə bu sözlərlə başlayır: "Bilirəm ki, aranızda gələcəyin peşəkar jurnalistləri, baş redaktorları və media maqnatları var...". Bu cümlə müəllim kimi məni də fərəhləndirir.
Sonra İmdad müəllim respondentlə söhbət zamanı diqqət edilməsinin vacib olduğu məqamlar barədə danışır. Tələbə dostlardan birinin yanında oturub diqqətlə dinlədikcə, öz tələbəliyimi xatırlayır və özüm müəllim olsam belə, bizim də müəllimlərimizə, onların dəyərli fikir və təcrübələrinə hər zaman ehtiyaclı olduğumu düşünürəm.
Əvvəlcə qələm, vərəq götürüb deyilənləri qeyd etmək istəsəm də, sonradan dərsi pozmağımdan çəkinib səslənən fikirləri yadımda saxlamağa qərar verirəm.
İmdad Əlizadə deyir ki, uğurlu müsahibə almaq jurnalistdən xüsusi məharət tələb edir. Çünki bu zaman müxbir ən müxtəlif situasiyalarla qarşılaşa bilər. Tanınmış jurnalist öz təcrübəsindən çıxış edərək söyləyir ki, media mənsubu respondetin reaksiyalarına, o cümlədən ehtimal edilən kobudluğuna adekvat cavab verməyi bacarmalıdır, amma bunun üçün tələsmək, emosional davranmaq olmaz. Çünki jurnalist mütləq təmkinli davranmalıdır.
Mühazirədə həmçinin qloballaşan dünyada informasiyanın yeri və rolu barədə söz açılır. İmdad müəllim mətbuat işçilərinin tez-tez rastlaşdıqları "operativlik, yoxsa dəqiqlik?" dilemması barədə tələbələrin fikirlərini öyrənir. Gələcək həmkarlarımızdan bəziləri maraqlı cavablar verirlər. Hiss olunur ki, onlar da bu sualla az rastlaşmayıblar.
Diqqətlə və səbrlə tələbələri dinləyən İmdad müəllim sonra bu məsələ barədə öz fikir və təcrübələrini bölüşür. O, həmişə redaksiyada müxbirlərə dediyi fikirləri bir daha gələcək jurnalistlərin də diqqətinə çatdırır: "İnformasiyanı saxlamaq olmaz. Əlinə xəbər düşübsə, dərhal yaymalısan". O, bu mövqeyini əsaslandırır və söyləyir ki, indi informasiyaya çatmaq çox asandır, ona görə də heç bir müxbir konkret məlumatın ancaq onda olduğundan arxayın olmamalıdır. Amma tövsiyə xarakterli xəbərdarlıq etməyi də unutmur və informasiyanı həmişə dəqiqləşdirməyin zəruriliyini bildirir. Onun sözlərinə görə, qeyri-dəqiq informasiyanın yayılması onun müəllifinin və çalışdığı KİV-in imicinə mənfi təsir göstərə bilər.
Bununla yanaşı İmdad Əlizadə operativliyə və dəqiqliyə eyni anda riayət etməyin yolları ilə bağlı öz təcrübələrini də bölüşür. O deyir ki, hər bir jurnalist mühüm hadisələrlə bağlı dəqiq məlumatlı olduğu informasiyanı sadəcə bir cümlə ilə ictimailəşdirə bilər. Təfərrüatları isə sonradan əldə etməklə yazıya əlavə etmək mümkündür.
İmdad müəllim danışdıqca onun "bir cümlə bir xəbər" prinsipini xatırlayıram. Əlbəttə, qonağımızın dedikləri ancaq sayt sisteminə aiddir. Etiraf etmək lazımdır ki, qəzetlər üçün operativlik əsas məsələ deyil. Çünki çap mediası əməkdaşlarının konkret məlumatı dəqiqləşdirmələri üçün saatlarla vaxtı olur. Saytlarda isə belə vaxt bolluğu yoxdur. Redaktorumun dediyi kimi, qəzetdə informasiyanın ömrü bir gün, saytda informasiyanın ömrü isə cəmi bir neçə saniyədir. Fikrimcə, bu, jurnalistikanın müasir inkişaf meyillərini xarakterizə etmək üçün ən uğurlu fikirlərdəndir.
Doğrusu, İmdad müəllimi və tələbələrimi yaxından tanıdığım üçün mühazirənin bu qədər maraqlı və məhsuldar olacağını əvvəlcədən bilirdim. Qarşılıqlı sual-cavab əsasında gerçəkləşən müzahirənin auditoriyada yaratdığı ab-hava bunun əyani göstəricisi oldu. Bizim auditoriyada kifayət qədər fəal tələbələr var. Onlar tez-tez qonağa sual verir, öz fikirlərini bildirir və yeni nələrisə öyrənməyə can atırdılar. Mən isə həm mühazirənin onlar üçün maraqlı olduğuna, həm də jurnalistə xas davranışlarına görə ancaq və ancaq sevinirəm.
İmdad müəllim nitqinə davam edir. Son ictimai proseslərdən söz açaraq mühazirənin maraq dairəsini bir qədər də genişləndirir. Tələbələr üçün maraqlı olduğunu hiss edirəm. Başqa günlər "müəllim, zəngin vaxtıdır" deyən bəzi tələbələrin indi tənəffüsə əhəmiyyət vermədiyini müşahidə edirəm.
Mövzu əsnasında redaktorum jurnalistin informasiya mənbəyi barədə də danışır. O söyləyir ki, peşəkar jurnalistin gizli informasiya mənbəyi (nyus meyker) olmalıdır. Bunun üçün isə "Dördüncü hakimiyyət" nümayəndələri insanlarla münasibətləri düzgün qurmalıdırlar. İmdad müəllim deyir ki, nə olursa olsun, hətta ən kritik anda belə, informasiya mənbəyi açıqlanmamalıdır.
Beləliklə, dərsin ikinci hissəsinin bitməsinə bir neçə dəqiqə qalmış İmdad müəllim nitqini yekunlaşdırır. Tələbələr xatirə fotosu çəkmək üçün yaxınlaşır, İmdad Əlizadəyə ayaqüstü suallar verirlər. Yeni sualların yaranması ilə görünür, İmdad müəllimdən həm mənim, həm də tələbələrimizin öyrənəcəyi hələ çox mövzular var. Sadəcə buna 90 dəqiqə kifayət etmir.
Mühazirənin sonunda həm redaktorum, həm də tələbələrimlə bir daha qürur duyuram.