Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlayıb.
Yoxlamalar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri tərəfindən aparılır.
Qurumun mətbuat xidməti xəbəri təsdiqləyiblər.
Bildirilib ki, plana uyğun olaraq kompleks yoxlamalar aparılır və bu barədə mətbuata yaxın günlərdə geniş məlumat veriləcək.
Məsələyə münasibət bildirən"TNS” İnformasiya Agentliyinin baş redaktoru, naxçıvanlı jurnalist Tural Səfərov "Sherg.az"a bildirib ki, bu günlərdə Hesablama Palatası Naxçıvanda yoxlamalara başlayıb:
"Vasif Talıbovun rəhbərliyi dövründə Naxçıvana dotasiya kimi təxminən 20 milyard manata yaxın vəsait ayrılıb. Amma aparılan araşdırmalar göstərir ki, bu vəsaitin böyük bir hissəsi mənimsənilib. Təkcə Naxçıvandakı üç məmurun mənimsəmə faktı 500 milyon manata yaxındır. Burada həbs olunan keçmiş maliyyə naziri, Şəhərsalma üzrə arxitektura komitəsinin sədri və keçmiş Gömrük komitəsinin sabiq şöbə müdirindən söhbət gedir. Faktlar onu göstərir ki, Naxçıvanda ayrılan büdcə vəsaitləri yeyintiyə məruz qalıb. Buna görə də yoxlamalar təbiidir. Hətta yoxlamalar dərinləşdikcə daha da ciddi faktların ortaya çıxacağı istisna edilmir. Əsas məqsəd isə korrupsiya yolu ilə dövlətdən mənimsənilən pulların yenidən büdcəyə qaytarılmasıdır. Faktlar ortaya çıxdıqca isə, günahkarlar layiqli şəkildə cəzalandırılacaq".