"İran və Ermənistan arasındakı yaxınlaşmanı bölgədəki siyasi qarışıqlıqla əlaqələndirmək lazımdır".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
O bildirib ki, Vətən müharibəsində Azərbaycanın qalib gəlməsindən sonra hər iki ölkənin mövqeyi zəifləyib:
"Onsuz da İran və Ermənistan lokal problemlərə görə dünyaya çıxışları məhdudlaşıb. Rəsmi Tehran isə radikal dini siyasət və ekstrimist addımlar atdığı üçün dünya dövlətləri ilə əlaqələri korlanıb. Siyasi problemlər yaşayan hər iki ölkənin müharibədən sonra bölgədəki maraqlarını təmin etmək şansları azalıb. Belə olan halda İrəvan və Tehran biri-birinə daha çox ehtiyac duyur. Bundan başqa hər iki ölkənin bölgədəki maraqları anti-türk nöqteyi-nəzəridən də ortaqlıq təşkil edir. Fars və erməni şovinizmi israrla türk düşmənliyini davam etdirir. Bu addımlar isə bir çox problemlərə səbəb olur. Amma yaxınlaşma uğur vəd etmir. Çünki onlar yaxınlaşdıqca birləşib region dövlətlərinə qarşı addımlar atmağı planlaşdırırlar. Bu da Azərbaycan və Türkiyə kimi region ölkələrini xarici əlaqələrinin genişləndirmək məcburiyyətində qoyur. Bu zaman bölgədə parçalanma və dərin siyasi qarşıdurma mühiti formalaşır".
Ekspert qeyd edib ki, Azərbaycan tərəfi bu hadisələrə qarşı ən yaxşı yolu izləyir:
"Görürük ki, rəsmi Bakı tam şəkildə ant-İran və anti-Ermənistan addımlarına başlamayıb. Hələ də bu ölkələrlə qarşılıqlı əlaqələr qurmaqdan tərəfdir. Əgər bu ölkələr anti-Azərbaycan mövqelərindən imtina etməsələr, O zaman Azərbaycan öz siyasi yolunu İran və Ermənistandan qorunmaq üzrə quracaq.
Bakı həmçinin beynəlxalq tərəfdaşlarının sayını artırmalıdır. Bu Azərbaycana bölgədəki maraqlarını təmin etmək imkanı verəcək.
Yox əgər Ermənistan və İran düşdükləri çətin vəziyyəti dərk edib, Azərbaycanla qarşılıqlı əməkdaşlığa vaxtında cavab verərlərsə, Bakı hər iki dövlətlə münasibətləri dost müstəvisində inkişaf etdirəcək".