Şagirdlərin “qanlı pul” oyunu: Məktəblərdə baş alıb gedir

  Son zamanlar orta məktəb şagirdləri arasında “qanlı pul” adlı oyun populyarlaşıb.  Türkiyədə bu oyun rəsmən qadağan edilsə də, məktəblərdə şagirdlər tənəffüsarası yenə də bu oyunu öz aralarında oynayırlar. Psixoloq və psixoterapevtlər oyunun təhlükəsi barədə ailələrə xəbərdarlıq edib. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Türkiyənin İzmir İqtisad Universitetinin “Medical Point” Xəstəxanasının psixoterapevti,  həkim Aslıhan Eslek, oyunun təhlükələrindən danışıb. O qeyd edib ki, bu oyun özündə şiddət, işgəncə, təhdid elementləri daşıyır. Oyunun mahiyyəti budur ki, dəmir pulun kənarları itilənir, oyunçular onu əldə etməyə çalışır. Bu zaman da əl, barmaqlar qanayır. Pulu başqa oyunçunun əlindən almağa çalışan digər oyunçu bunu zor gücünə etmək məcburiyyətindədir. 

Ona görə də oyun əsnasında oyunçular xəsarətlər alır, əlləri qanayır. Bu oyun özündə işgəncə, zor elementləri daşımaqla yanaşı, həm də müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Həkim vurğulayıb ki, məsələn, Hepatit virusu, HİV/QİÇS qanla keçən xəstəliklərdir. “Şagirdlərin hər hansı birində bu xəstəliklərin olduğunu söyləmək deyil məqsədimiz. Onları mümkün təhlükələrdən sığortalamaqdır” söyləyən A.Eslek valideynlərə müraciət edərək uşaqlara nəzarəti artırmalarını tövsiyə edib. Həkim qeyd edib ki, uşaqlar bu cür oyunları sosial şəbəkələr üzərindən öyrənir. Bu cür oyunlar yeniyetmə və gənclərdə şiddətə, zora meyli gücləndirə bilər. Uşaq bu və bənzər oyunlardan əl çəkmirsə, mütləq psixoloqa müraciət edilməlidir.