Uşaqlarda qızdırma, halsızlıq... - Dondurma, qarpız verməyin!

Ehtiyatlı davranın!

"Əgər həkim deyirsə ki uşaqlara dondurma verməyin, qarpız verməyin, bir şey bilir ki, deyir"

  Azyaşlılar arasında qızdırma ilə müşayiət olunan boğaz, qarın ağrısı, ishal halları son günlərdə çoxalıb. Bunu pediatrlar da təsdiqləyir və valideynlərin həkimə müraciətlərinin artdığını bildirirlər. Həkimlərin əksəriyyəti bu fikirdədir ki, mövsümündən əvvəl bazara çıxarılan meyvə və giləmeyvələr, həmçinin isti hava “əsas” gətirilərək uşaqlara verilən qarpız azyaşlıların səhhətində bir sıra problemlər yaradır. Pediatr Vaqif Qarayev sosial şəbəkədə həm dondurma, həm də qarpızla bağlı paylaşım edərək valideynləri ehtiyatlı olmağa çağırıb: “Uşaqlara qarpız verməyin, mövsümü bir aydan sonra olacaq”, “dondurmanı uşaqlara ev temperaturunda verin”, yazan pediatr səbəbi də izah edib:
" Aşırı soyuq faktoru boğazda mütləq diskomfort yaradacaq. İnfeksiya da qoşulsa, angina qaçılmazdır. Həddindən artıq soyuq, ya da qaynar qida mədənin həzmetmə enzimlərini getdikcə bərbad günə qoyur".
  Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, mövsümündən kənar yeyilən bütün meyvə və giləmeyvələr faydadan çox, ziyan verir:
"Xüsusən də uşaqlara münasibətdə hədsiz ehtiyatlı davranmaq lazımdır. Uşaq orqanizmi kövrəkdir, tam formalaşmayıb, bərkiməyib. Pediatrlar bunu dəfələrlə izah edirlər, məsləhət verirlər, amma bizim ana-atalar yenə öz bildiklərini edir. Hər kəs də öz təcrübəsini önə çəkir. “Mən həmişə vermişəm, heç nə olmayıb, uşaqları soyuğa, istiyə alışdırmışam” və sair kimi mülahizələr yürüdürlər. Başqaları da bunlara baxır, eyni səhvləri təkrarlayırlar. Bizim insanlarımız istisnalarla, çoxluğu, ümumi ilə fərdiliyi ayırd edə bilmir. Birisi övladına dondurmanı birbaşa dondurma halında verirsə, bu o demək deyil ki, hamı belə etməlidir və ya hamı belə edə bilər. Sənin uşağın xəstələnməyibsə, bu o demək deyil ki, başqasının uşağı xəstələnməyəcək. Çox pis örnək olur belə valideynlər başqalarına. Heç o dondurmanı dondurma səviyyəsində yeyən uşağın da xəstələnməyəcəyinə kimsə təminat verə bilməz. Ola bilər, bunun fəsadları sonra üzə çıxsın və tamam gözlənilməz bir şəkildə. Boğazda yox, başqa bir orqanda. Uşaqların qidalanma qaydaları var və bunu pediatrlar bilir, valideynlərə də məsləhət görürlər, tövsiyə edirlər. Əgər həkim deyirsə ki uşaqlara dondurma verməyin, qarpız verməyin, bir şey bilir ki, deyir. Nəyəsə əsaslanıb deyir. Həkimin tövsiyəsinə qulaq asıb əməl etmək lazımdır".

  Ş.Məmmədov qeyd etdi ki, hazırda satışda olan dondurmalardan şikayətlər çoxdur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bəzi dondurmaların yararsız olduğunu açıqlayıb:
"Dondurmaların istehsalında texnologiya qaydalarının pozulduğu aşkardır. Bunu ondan görə bilirik ki, dondurma əriməyə başladıqda, demək olar suya dönür. Həm də dadsız-tamsız suya. Dondurma istehsalçıları istehsal şərtlərinə düzgün əməl etmirlər. Bunu qida mütəxəssisləri daha dəqiq bilir və daim qeyd edirlər ki, bir məhsulu almaq istədikdə onun ilkin istehsal tarixi ilə son istifadə müddəti arasındakı müddətə fikir verin. Əgər bir məhsulun istifadə müddəti uzundursa, 6 ay, hətta 1 ildirsə, deməli, bu məhsulun tərkibində kimyəvi maddələr daha çoxdur. Hamımız bilirik ki, qida məhsullarına uzun müddət xarab olmasınlar deyə kimyəvi qatqılar əlavə edilir. Bunlar hamısı insan orqanizminə ziyandır. Uşaq orqanizminə xüsusilə ziyandır. Uzun müddətli istifadə tarixi olan dondurmalar da var, başqa ölkələrin istehsalı. Dadlıdırlar, amma ziyanlıdırlar. Çünki tərkibində kimyəvi qatqılar çoxdur. Uşaqlar bu qidalardan qəbul edirsə, boğazı ağrımasa da, getdikcə orqanizmdə mədə-bağırsaq, həzm pozuntuları əmələ gəlir. Eləcə də qarpız, yemiş kimi meyvələr mövsümündə istehlak edilməlidir. Aprel ayından satışa çiyələk, gilas, alça çıxarılır, may ayından şaftalı, qarpız. Qarpız yayın ən isti ayı – avqustda yetişən meyvədir. Amma son illərdə qışda da satışda qarpız olur. Bunun ziyanlı olacağını düşünmək üçün xüsusi elmə, biliyə ehtiyac yoxdur. Azacıq məntiqi düşüncə bəsdir. Qarpızın vaxtından əvvəl yetişdirilməsi üçün gübrə də çox verilir, kimyəvi dərmanlardan çox istifadə olunur. Uşaq orqanizmi üçün, əlbəttə bu çox ziyandır. Böyüklər üçün də həmçinin. Yeməkdən dərhal sonra qarpız, yemiş yemək düzgün deyil. Mədədə ağırlıq yaradır, ağrılara səbəb olur. Qıcqırma yaradır, həzm proseslərinə mane olur. Bütün meyvə və giləmeyvələr əsas yeməkdən ən azı 1 saat sonra yeyilməlidir. Qaprız çox soyuq halda da yeyilməməlidir, bu, ağız boşluğunda infeksiyaların çoxalmasına, ağız-damaq xəstəliklərinin yaranmasına səbəb ola bilər".