Elektromobillərin dəhşətli zəhərləri üzə çıxdı 

Elməddin Muradlı: “Məncə, bu məsələ iki qütb arasında bir savaşın göstəricisidir. Hər zaman benzin “mafiyası” elektromobilə qarşı mübarizə aparıb”

Tural Kərimov: “Onların ekologiyaya faydası zənn edildiyi kimi böyük deyil. Batareyanın tərkibindəki kimyəvi maddə litium ekologiyaya çox zərər vurur”


  Dyuk Universiteti və Texas Texniki Universitetindən olan amerikalı alimlər "əbədi kimyəvi maddələr" kimi tanınan poliftoralkil birləşmələrinin (PFAS) yeni mənbəyini tapıblar. Onun elektromobillərin istehsalı ilə əlaqəli olduğu ortaya çıxıb.
Tədqiqat "Nature Communications" (NatComms) elmi jurnalında dərc olunub.
  PFAS yemək yapışmayan qablar, su keçirməyən materiallar və digər məhsulların istehsalı üçün istifadə edilən 16 min kimyəvi maddədən ibarət qrupdur. PFAS ətraf mühitdə çətin parçalanır, buna görə də onlara "əbədi kimyəvi maddələr" deyilir. Orqanizmdə toplanan bu maddələr xərçəng, endokrin və reproduktiv sistem xəstəliklərinə və digər ciddi diaqnozlara səbəb olur.
  Elektrikli avtomobillər üçün akkumulyator istehsal edən fabriklərin yaxınlığındakı hava, su, qar, torpaq və çöküntü nümunələrində yüksək səviyyədə PFAS aşkarlanıb. Tədqiqat göstərir ki, litium-ion batareyalarının yalnız təxminən 5 faizi təkrar emal olunur və 2040-cı ilə qədər litium-ion batareya tullantılarının həcmi təxminən 8 milyon ton ola bilər.
  Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, elektrikli avtomobillərin hansısa xəstəliklər yaratması iddiasının  elmi əsası olmalıdır:

 “Məncə, bu məsələ iki qütb arasında bir savaşın göstəricisidir.  Hər zaman benzin “mafiyası” elektromobilə qarşı mübarizə aparıb. Ola bilsin, elektromobillərin bəzi modellərində müəyyən problemlər var. Məsələn, Amerikanın bəzi ştatlarında iqlim şəraiti sərt olduğuna görə elektromobillər gözlənilən etimadı doğrultmur. Problem ondadır ki, həmin maşın 400-500 km məsafə qət etməli olduğu halda elə olur onun yarısı qədər yol qət edir. Hətta alışma kimi bir hal baş verə bilir. 
Lakin bizim öyrəşdiyimiz ənənəvi avtomobillər də çox sınaqdan keçib. Hazırda benzinlə sürdüyümüz avtomobil vaxtilə elektrik mühərrikli maşın kimi istehsal olunub. Sonradan hansısa dəyişikliklər baş verib və keçiblər dizel mühərrikinə, neft və benzinə. Elektromobillərin də müəyyən bir dövrdən sonra təkmilləşmə ehtimalı böyükdür. Bəlkə, gələcəkdə su ilə idarə olunan avtomobillər meydana gələcək, fərqli texnologiyalar tətbiq olunacaq. Elektrikli avtomobillərdən qorxmaq lazım deyil. Müasir dövrün yeni texnologiyasıdır, çox da səmərəlidir. Hansısa söz deyilirsə də, bunun mütləq elmi əsası olmalıdır”.
  Veb-texnoloq Tural Kərimov isə “Sherg.az"a açıqlamasında deyib ki, hər nə qədər ekologiya və ətraf mühit üçün zərərsiz olduğu iddia edilsə də, elektromobillər benzin və ya dizellə işləyən avtomobillərdən daha təmiz  deyil:

 “Onlar üçün tələb olunan litium batareyalarının çıxarılması və qurulması zamanı artıq havaya kifayət zərər verilir. Bu gün dünyada istehlak edilən elektrik enerjisinin 75 faizi kömür, neft kimi yanacaqlardan əldə edilir. Bəli, e-mobillərin şəhər üçün hava çirkliliyi + səs çirklənməsi yaratmırlar. E-mobillərin başqa problemləri də var, onsuz da uzaq məsafələr üçün deyillər. Soyuq hava, ECO və ya aqressiv sürmə, qızdırıcıdan istifadə, maşında oturan sərnişinlərin sayı, yolların yoxuş olması avtomobilin məsafəsinə çox pis təsir edir. Maşın xarab olarsa və ya hər hansı problem yaranarsa, siz həmin elektromobili evakuator ilə çəkə bilməyəcəksiniz. 
  Bu arada istehsalçılar bunu qadağan edir. Elə ona görə elektrik enerjisi qurtaran maşını harasa itələməklə və ya çəkməklə götürməməlisiniz.
Məsələn, Rusiyada -26 dərəcə soyuqda elektromobil sahibi gecə 91faiz şarjla "Volkswagen" e-mobilini mənzilinin qarşısında saxlayır və səhər görür ki, 74 faiz şarj qalıb. Bir gecədə elektrik enerjisi istehlakında 17 faiz azalma var və bu işığın pulu sürücünün cibindən çıxır.  Üstəlik, elektrik mühərriklərini çalışdıran batareyalar da çox bahadır. Bu batareyalar xarab olub tullandıqda ətraf mühitə də böyük ziyan vurur.  Onun istismar müddəti başa çatdıqdan sonra zibilliyə atılanda əriməsi, yox olması uzun illər çəkir. Bu da ciddi radiasiya yaradır. Batareyalar həm də  güclü maqnit sahəsi yaradır. İnsan sağlamlığına da ziyandır. Onların ekologiyaya faydası zənn edildiyi kimi böyük deyil.  Batareyanın tərkibində kimyəvi maddə litium ekologiyaya çox zərər vurur”.