Real təhlükə mənbəyi: İctimai hovuzlarda gigiyenik qaydalara diqqət yetirilmir -RƏY

  Yayın problemləri çoxdur. İsti havalarda qanın qatılaşması, infarkt riski, damar tutulması, başgicəllənmə, günvurma ehtimalı, dəri yanması, qida zəhərlənməsi, çimərlikdə boğulma təhlükəsi... bunların üzərinə bir də hovuzlardakı təhlükə gəlirsə, yay yaşanmaz haldadır, demək. Hovuzların gigiyenik normalara nə dərəcədə cavab verdiyi məsələsinə toxunmazdan əvvəl, real təhlükə daşıyıcısı olduğunu xatırlatmalıyıq. Son zamanlarda məhz hovuzlarda həm də azyaşlıların boğulma halları artıb. İyulun 14-də 13 yaşlı Həsənli Etibar Böyükağa oğlu Nabranda yerləşən istirahət mərkəzinin hovuzunda batıb.  Bakının Yasamal rayonunda yerləşən “Megacity” Fitness və Spa mərkəzindəki hovuzda 4 yaşlı Gülay Məmmədli boğularaq ölüb. Salyan, Şərur rayonlarında azyaşlıların hovuzda boğulmasıyla nəticələnən faciəli hadisələr baş verib. Bu hadisələrdə valideynlərin səhlənkarlığı, diqqətsizliyi əsas səbəbdir. Amma hovuz təhlükəsi təkcə boğulmalarla məhdudlaşmır. Hovuzların sanitar-gigiyenik qaydalara riayət edilməməsi xəstəliklərə yoluxmalarla da müşayiət oluna bilər. Yay mövsümü ilə əlaqədar çimərliklərlə yanaşı, böyük əksəriyyət dincəlmək üçün hovuzlara da üz tutur. Ancaq bəzi ictimai hovuzlarda gigiyenik qaydalara diqqət yetirilmədiyi, eyni zamanda vətəndaşların məsuliyyətsizliyi səbəbindən insanlar arasında müxtəlif dəri xəstəliklərinə yoluxma hallarına rast gəlinir. Belə müəssisələrdə gigiyenik qaydalara riayət edilməsi qaydaları ilə bağlı “Xəzər xəbər”ə danışan üzgüçülük üzrə müəllim Elvira Məhərrəmova həftədə bir dəfə aidiyyəti qurumlarun hovuza nəzarət-yoxlanış həyata keçirməli olduğunu qeyd edib. Bu prosesin gigiyena baxımından bütün açıq və qapalı hovuzlarda həyata keçirilməli olduğunu diqqətə çatdıran mütəxəssis bildirib ki, müəssisə sahibləri müştərilərdən sağlamlıq haqqında arayış tələb etməlidir. 
  Xatırladaq ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ötən il aquaparklar, açıq hovuzlarda sanitar-gigiyenik tələblərə əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı əhalini diqqətli olmağa çağıran xəbərdarlıq yaymışdı. Xəbərdarlıqda bildirilirdi ki, vətəndaşların şikayəti əsasında hovuz suyunun kimyəvi-bakterioloji müayinəsi aparıla bilər. Amma bunun üçün Ədliyyə Nazirliyindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"yə əsasən rəsmi icazə verilməlidir. Açıq və qapalı hovuzlarda xüsusi sanitar-gigiyenik tələblər var. Hər bir sahibkar bu tələblərə əməl etməlidir. 
  
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, aidiyyəti qurumlar tərəfindən sahibkarlıq subyektlərində qəfil yoxlamalar keçirilsə, obyekt sahibləri təmizliyə riayət edər: 

- Yoxlamalar qəfil və obyektiv aparılsa, sahibkarlar ehtiyat edərlər, təmizliyə fikir verər, sanitar normalara da riayət edərlər. İstirahət mərkəzlərində, sağlamlıq komplekslərində gigiyenik qaydalar kobud şəkildə pozulur. Vətəndaşlardan çoxsaylı şikayətlər bizə daxil olur bununla bağlı. Nəinki sanitar-gigiyenik normalara, təhlükəsizlik məsələlərinə də riayət edilmir. Bir uşaq hovuzda boğulursa, bu, birbaşa nəzarətsizliklə bağlıdır. Valideyn nəzarət etmir, obyekt sahibləri də nəzarət etmir, təhlükəsizliyə cavabdeh olanlar yoxdur. Qaydalara görə, hovuzlarda istifadə edilən su, içməli su olmalıdır. Hovuz suyuna qaydalara uyğun xlor vurulmalıdır. Bu, suyun tərkibindəki bakteriyaları məhv etmək üçündür. Suya xlorun normadan artıq qatılmasına da yol verilmir. Çünki normadan artıq olarsa, istər-istəməz ağıza dola biləcək su, mədəyə düşdükdə, orqanizmdə fəsadlar yarada bilər. Hovuz suyuna tələb olunan miqdarda xlor vurulmadıqda isə suda bakteriyalar, bağırsaq çöplərinin nisbəti artır, bu da insanlarda, o cümlədən azyaşlılarda mədə-bağırsaq pozğunluğuna, bağırsaq çöplərinin əmələ gəlməsinə, müxtəlif yoluxucu xəstəliklərə səbəb olur. Uşaqlarda qarın ağrısı, ishal əmələ gəlir. Hovuzun suyu çirklidirsə, dəri xəstəliklərinə də səbəb olacaq. Qaşınma əmələ gətirəcək. 

  E.Hüseynov qeyd etdi ki, vətəndaşların sağlamlığınıın qorunması məqsədilə sahibkarlar özləri hovuzların təmizliyinin yoxlanılması üçün ərazi üzrə sanitar-epidemioloji idarələrə müraciət etməli, onlarla müqavilə bağlayıb vaxtaşırı suyun təmizlənməsi, suyun tərkibinin yoxlanmasını tələb etməlidirlər: 
- Özünə, peşəsinə hörmət edən sahibkar, sanitar-gigiyenik qaydalara riayət etməklə müsbət imic qazanmaq barədə düşünməlidir. Təəssüf ki, bizim bəzi sahibkarlar yalnız qazanc haqqında düşünür. Vaxtaşırı lazımi yoxlamalar aparan da yoxdur.