Elmir Əkbər: Qız uşaqlarını da döyüş növlərinə qoymaq olar

Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafı neçə illərdir ki, dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Əldə olunan nailiyyətlər, mötəbər yarışlara ev sahibliyi göstərir ki, ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir. İdman həm də insan sağlamlığı üçün çox önəmlidir. İdmanla məşğul olmaq ürək xəstəlikləri, insult, diabet və qeyri-infeksion xəstəliklərinin qarşısı alır, normal bədən çəkisini saxlayır, psixi sağlamlığı, həyat keyfiyyətini və rifahı yaxşılaşdırır. Əvvəllər azyaşlı uşaqlar, xüsusən də, oğlan uşaqları çox zaman idman növlərindən boksa, karateyə, bir sözlə, döyüş növlərinə meylli olurdular. İndiki halda tendensiya bir qədər dəyişib. Beləki artıq qız uşaqlarını da bu kimi idman növlərinə yazdırırlar. Bəs bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, qız uşaqlarının fiziki inkişafı üçün ən yaxşı idman növü hansıdır? Valideynlər nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı "Sherg.az"a danışan psixoloq Elmir Əkbər söyləyib ki, idman yaşından, cinsindən asılı olmayaraq, hər bir insanın həyatının ayrılmaz bir hissəsi olmalıdır:                    

"Lakin nəzərə almaq lazımdır ki, idman növünə görə, insanın bədən quruluşu müəyyən formalar alır. Məsələn, bir sıra idman növləri çiyini böyüdə, qol əzələrinə fərqli qurluşlar verə bilər. Ona görə də valideynlər qızlarının spesifik qadın bədən cizgilərinə malik olmağını istəyirlərsə, idmanın yüngül atletika, bədii gimnastika, üzgüçülük növlərinə müraciət edə bilərlər. Ümumiyyətlə, insanların peşəkar olmasa belə, bütün idman növləri ilə məşğul olmaları məqsədəuyğundur. Bu bir növ sağlam həyat tərzi deməkdir. Təbii ki, qız uşaqlarını da döyüş növlərinə qoymaq olar. Məsələn, nisbətdə güləş, karete kimi döyüş növləri daha münasibdir. Unutmamalıyıq ki, idman uşaqların təkcə fiziki deyil, eyni zamanda psixoloji sağlamlığının təməlidir. Bununla uşaqlar yeniliklər axtarır, rəqabət aparmaq hissində olurlar. Bu da özünüinkişafda faydalı hesab edilir. Həmçinin, idman uşaqlarda liderlik bacarığı da formalaşdırır".