Bu gündən etibarən elektrik mühərrikli 160 ədəd avtobuslar müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərməyə başlayıb.
Bu barədə Bakı Bus MMC-nin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, COP29 tədbiri çərçivəsində istismara verilən bu avtobuslar artıq "BakuBus"ın marşrut xətlərində sərnişinlərin xidmətində olacaq.
Elektrik avtobuslarının istismarı üçün xüsusi olaraq müasir standartlara cavab verən qaraj infrastrukturu da yaradılıb. Qaraj sərnişinlərə yüksəkkeyfiyyətli xidmət göstərilməsi üçün bütün zəruri şəraitlə təmin olunub.
"Bu gündən etibarən 1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb. Bu avtobuslar müasir qarajdan xəttə buraxılır və sərnişinlərə xidmət göstərir.
Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub", - məlumatda qeyd olunub.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, dövrün tələbinə uyğun olaraq ictimai nəqliyyatda da istifadə etdiyimiz nəqliyyat vasitələrini müasirləşdirmək məcburiyyətindəyik:
“Həmçinin qlobal istiləşmə, ekologiyaya vurulan zərərlərin çərçivəsində biz məcburən bu addımı atmalıyıq. Ümumiyyətlə elektrikli avtobusların bir çox faydalı tərəfləri var. Digər nəqliyyat vasitələri ilə müqayisədə yeni elektrobusların qənaətcil olması, zəhərli qazları atmosferə göndərməməsi, səs-küy yaratmaması, yağ, filtr və digər hissələrinin yenilənməməsi kimi üstünlükləri mövcuddur. Bu isə onun daha səmərəli olmasına gətirib çıxarır. Eyni zamanda elektrikli avtobuslar əvvəllər istifadə edilən trolleybusu tam əvəz edir. Trolleybusda elektrik mühərriki var idi. Ancaq enerjini naqillər vasitəsi ilə əldə edirdi. Bu naqillər isə şəhərdə görüntünü pozurdu Eyni zamanda onların hərəkətini məhdudlaşdırırdı. Ancaq indiki elektrobuslar onları tam əvəz edir. Güman edirəm ki, yaxın gələcəkdə bütün ictimai nəqliyyat vasitələri elektrikliləri ilə əvəz ediləcək”.