Aptekə basqın edən şəxs saxlanılıb.
APA xəbər verir ki, Binəqədi rayonunda yerləşən aptekdə əczaçı işləyən Sevinc Qabulova aptekə tanımadığı şəxsin bıçaqla daxil olaraq ona hədə-qorxu gələrək 232 manat pulunun alındığı barədə polisə müraciət edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün quldurluq hadisəsini törətmiş şəxs, 1986-cı il təvəllüdlü Nurlan Adgözəlov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a deyib ki, basqın zamanı təhlükəsizlik üçün düzgün və sürətli qərar qəbul etmək çox vacibdir:
“Soyğun hadisələri qorunmaq üçün yaxşı olar ki, apteklərin mühafizə orqanları və polis mühafizə orqanları ilə müqavilələri olsun. Çünki bu daha güvənilir addımdır. Amma bunlar olmadığı halda da ən azından diqqətli olmaq lazımdır. Basqın zamanı panikaya düşməməyə çalışın. Mümkün olarsa, dərhal təhlükəsiz yerə qaçın. Telefonunuz yaxınlıqdadırsa və istifadə etmək imkanı varsa, dərhal 112-yə zəng edin. Əgər şəxs sizdən nəsə tələb edirsə (məsələn, pul, əşyalar və s.), münaqişədən qaçın və tələbi yerinə yetirin. Can təhlükəsizliyi maddi dəyərlərdən daha vacibdir. Ümumiyyətlə hadisəni vəziyyətə görə soyuqqanlı olub, yola vermək olar. Bəlkə insan əsəbi deyil və ya çıxılmaz vəziyyətdədir. Məsələn, aptekdən, istəyəcəyi dərman ola bilər. Həmin şəxsi yola saldıqdan dərhal sonra polisə xəbər vermək lazımdır”.