Bu günlərdə çoxları onlardan – Crossmedia.az analitik informasiya portalının əməkdaşlarından danışır. Çünki adıçəkilən media subyekti saytların fəaliyyətini qiymətləndirən alətdə - "mediametriks"də ön sıralardadır. Crossmedia.az hətta bu siyahıda ölkənin ən tanınan KİV-lərini qabaqlayır. Ən qəribəsi isə odur ki, Crossmedia.az bir aydır fəaliyyət göstərir. Odur ki, bu nəticə, bəlkə də, başqaları üçün "görsəm də, inanmaram" dediklərindəndir. Amma mən görmədən də inanaram...
Məsələ burasındadır ki, adıçəkilən saytın, demək olar, bütün kollektivinə bələdəm. Öncə onu deyim ki, sayt eyni adlı analitik qrupa - Cross Media Təhlil Mərkəzinə məxsusdur. Mərkəzdə tanınmış mütəxəssislər, araşdırmaçılar, alimlər çalışırlar.
Saytın baş redaktoru tanınan jurnalist və siyasi şərhçi Mübariz Göyüşlü, redaktoru isə BDU-nun Jurnalistika fakültəsinin müəllimi Aygün Qurbanlıdır. Redaksiya heyəti, demək olar ki, tələbələrdən ibarətdir.
Bütün bunlar faktdır. Amma sadalananlar yuxarıda qeyd etdiyim nəticə üçün kifayət etməyə bilər. Odur ki, saytın fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün fürsət tapıb redaksiyaya getdim.
...Redaksiyada məni Mübariz müəllim qarşılayır. Otağına dəvət edir. Çox keçmədən məzunlarımızdan biri, əvvəlki illərdə dərs dediyim Ləman Şərifova gəlir. Onu burada görüb sevinirəm. Auditoriyada "Biz həm müəllim-tələbə, həm də həmkarıq" dediyin gəncləri gələcəkdə istehsalatda görmək xoşdur.
Mübariz müəllimlə xeyli söhbət edirik. Deyir ki, sayt daha çox analitika və araşdırma üzərində qurulub: "Düşündük ki, belə fərqlənə bilərik. İnformasiya portalları onsuz da kifayət qədərdir". Razılaşıram. Hərçənd onu da bilirəm ki, xəbər saytlarının çoxluğu heç də onların hər birinin eyni səviyyədə olması demək deyil. O qədər tanınmayan, oxunulmayan KİV subyekti var ki. Elə bir o qədər də peşəkarlıqdan uzaq olanlar.
Baş redaktorun özünə də deyirəm bunları. Saytın fəaliyyəti ilə bağlı bir neçə diqqət çəkən məqamı bölüşürəm. Birincisi, kollektiv xüsusilə daxili və xarici siyasətlə bağlı ən aktual mövzulara toxunur. İkincisi, sərlövhələrdə aldadıcı, yalançı ajiotaj yaradan cümlələr, sözlərə rast gəlinmir. Üçüncüsü isə ayrı- ayrı regionlarla bağlı xüsusi bölmələr yaradılıb: Cənubi Qafqazdan tutmuş ABŞ-a, Avropaya qədər. Bunlar kollektivə peşəkarların rəhbərlik etdiyini göstərən faktorlardır.
Mübariz müəllim sözünə davam edərək deyir ki, gənclərlə işləmək xoşdur, maraqlıdır: "Doğrudur, işimiz çoxdur, məsuliyyətlidir. Gün ərzində iri həcmli ən azı 15- 20, o cümlədən də xırda həcmli çox sayda yazı oxumalı olursan. Amma tələbələrlə işləmək insana zövq verir. Bəzən çox həyəcanlı olurlar, hətta məni də həyəcanlandırırlar".
Planlardan da danışırq. Baş redaktor deyir ki, gələcəkdə saytın ingilis və rusdilli versiyalarını, həmçinin "youtube" kanalını yaratmaq fikirləri var. Niyə də olmasın?
Elə bu vaxt qapı döyülür. Tələbə- müxbirlərdən biri içəri daxil olur. Gündəlik fəaliyyəti ilə bağlı məlumat verir. Dinləyirəm. Danışığından həvəsli olduğu hiss edilir. Sevinirəm.
Tələbə çıxandan sonra Mübariz müəllimdən uğurlarının sirrini soruşuram. Təbəssümlə yan otağı göstərir. Nə demək istədiyini anlayıram.
Birlikdə "news room"a gedirik. Tələbələrimiz buradadırlar. Bir az mübaliğə ilə desək, klaviaturanın taqqıltı səsləri otağı bürüyüb. Salamlaşırıq. "Yorulmayasız" deyirəm. Təşəkkür edirlər. Hərəsi bir məsələdən yazır: kimi siyasətdən, kimi sosialdan, kimi də iqtisadiyyatdan. Həm mane olmamağa, həm də söhbət etməyə çalışıram.
Nümunəvi tələbələrimizdən biri olan Samirə Kərimlidən təbəssümlə soruşuram:
- "Mediametriks"də ön yerlərdəsiz, nə məsələdir?
Yanımda dayanan Mübariz müəllimi göstərir. Nə demək istədiyini bilirəm. Anlayıram ki, baş redaktor bu uğuru tələbələrlə əlaqələndirdiyi kimi, müxbirlər Mübariz müəllimin, belə demək mümkünsə, haqqını yeməməyə çalışır.
Başqa bir tələbə-müxbirlə də danışıram. Deyir ki, Ermənistan-Rusiya ikitərəfli münasibətləri barədə politoloqların birindən açıqlama alıb, indi də onu yazır. Bir az müşahidə edirəm. Sürətli və səliqəli yazır.
Digər həmkarlarımızdan biri isə ekspertin cavabına uyğun olaraq növbəti sualını verir. Təxminən 10 dəqiqəyə yaxın danışır. Bu, artıq açıqlama deyil, əməlli-başlı müsahibədir. Həm də peşəkarlıqdır.
Artıq kollektiv və Crossmedia.az ilə bağlı məndə tam təəssürat formalaşır. Odur ki, ofisdən çıxmağa hazırlaşıram. Qapının kandarında Ləmanın səsini eşidirəm: "Yoldaşlar, interval artır. Yazın...".
Kənan Novruzov