Bakı Taksi Xidməti” MMC və “Azərpoçt” MMC arasında əməkdaşlığa başlanılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Əməkdaşlıq çərçivəsində “Bakı Taksi Xidməti” MMC tərəfindən ölkəyə gətirilən taksi şəbəkəsində “Azərpoçt” MMC-nin təqdim etdiyi POS-terminallar quraşdırılıb.
Beləliklə, “Azərpoçt” MMC yerli vətəndaşların, o cümlədən ölkəyə səfər edən xarici nümayəndə və turistlərin nəqliyyat ödənişlərinin nağdsız şəkildə həyata keçirilməsi üçün POS-terminalların taksilərdə quraşdırılmasını təmin edib.
Qısa zaman ərzində POS-terminallar vasitəsilə 4178 əməliyyat icra olunub, dövriyyə isə 146 min manat təşkil edib.
Nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a bildirib ki, taksilərdə POS terminalların quraşdırılması müsbət haldır:
“Çünki bu, bəzi mübahisəli, problemli məsələlərin həllində iştirakçı və yardımçı olur. Məsələn, sərnişin taksi xidmətindən istifadə edərkən, altı manat 50 qəpik yol pulu yazılırsa, sərnişin məcbur olur ki, yeddi manat ödəsin. Yəni o qəpiklər nəzərə alınmır və problem yaşanır. POS-terminal olduğu halda isə qəpiyinə qədər sistemə vurularaq kart vasitəsilə ödəniş edəcəklər. İkinci bir məsələ var ki, bəzi hallarda sərnişinin üzərində 50 və ya 100 manatlıq əsginas olur. Bu halda taksi sürücüsünün də qalıq pul qaytarmaq imkanları olmur və pul xırdalamaq üçün mağzaları axtarırlar. Ümumiyyətlə bu da xeyli problemlərə gətirib çıxarır. Bəzi hallarda isə xüsusən ölkəmizə gələn xarici vətəndaşlar, turistlər, birbaşa ödənişlərini kartlar vasitəsilə etmək istəsələr də problemlə qarşılaşırdılar. Həm yerli sərnişinlərin, həm də turist kimi xarici ölkədən gələn sərnişinlərin ödəmə imkanlarının yaxşılaşdırılması üçün POS terminalların, taksilərdə olması əhəmiyyətlidir. Bu vacib bir məsələdir”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qeyd etdi ki, taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin istifadə etdiyi avtomobillərdə POS-terminal olmalıdır:
“Bu qanunun tələbidir. Taksi fəaliyyəti ilə bağlı qaydalarda dəyişiklik edilib. Yeni qaydalara əsasən POS terminalların olması məcburi xarakter daşıyır. Mənfi tərəfləri olmayacaq. Həm sərnişin, həm də sürücü üçün müsbət tərəfi var. Xarici taksi şirkətləri sürücülərə ödənilən qeyrinağd ödənişləri vaxtında qaytarmırdılar. Sürücülər də, bununla bağlı əziyyət çəkirdi və tez-tez şikayətlər olurdu. Bundan sonra sürücü qeyrinağd ödənişləri POS terminalla qəbul edəcək. Sərnişinlər üçün də əlverişlidir ki, artıq ödənişləri həm debet, həm də kredit kartı ilə ödəyə biləcəklər”.