Bu ilin may ayında ölkəmizdə restoranlara da hotellər kimi ulduz kateqoriyalarının verilməsi ilə bağlı proseslərə start verilib, artıq bununla bağlı müraciət edib ulduz əldə edən restoranlar da var. Bəs bu proses necə aparılır?
Oxu.Az ATV-nin "İqtisadi zona" verilişinə istinadən xəbər verir ki, artıq bir müddətdir Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsini həyata keçirir. Reytinq təsnifatı üç, dörd, beş ulduz olmaqla aparılır. Restoranların ulduz kateqoriyası alması könüllüdür, istənilən sahibkar özü bu təşəbbüslə elektron və ya hətta yazılı formada Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilər.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) şöbə müdiri Samir Mehralıyev bildirib ki, müraciət edildikdən sonra 30 iş günü ərzində Qida Təhlükəsizliyi İnstitutu və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən müraciət etmiş sahibkarlıq subyektində qiymətləndirmə aparılır:
"Növbəti 10 iş günü ərzində isə artıq qarşı tərəfə qida subyekti ilə bağlı nəticələrlə bağlı rəsmi bildiriş göndərilir. Artıq bu çərçivədə ilk dəfə olaraq beş ulduz verilən restoran da var. Müraciətlər çoxdur, qiymətləndirmələr hazırda da davam edir".
Turizm eksperti Ceyhun Aşurov “Sherg.az”a bildirib ki, artıq otellərdə olduğu kimi restoranların da təsnifatlaşdırma məsələsinə baxılır:
“Çünki şəhərimizdə və regionlarda kifayət qədər restoranlar var. Buna görə də artıq restoranların keyfiyyət göstəriciləri, menyuları, içərinin şəraiti, xidmət və işçi heyətinin bilik səviyyəsinin əhəmiyyətinə görə, ulduzlaşma təsnifatı gündəmdədir. Əlbəttə ki, bunun olması alıcılar və istehlakçılar üçün yaxşıdır. Yəni turistləri daha çox məmnun etmək üçün bu cür ulduzlaşma təsnifatının tətbiq olunması istehlakçıların xeyrinədir. Yəqin ki, bununla bağlı, müvafiq qurumlar var və kriteriyalar müəyyən edilib. O, kriteriyalardan isə həmin restoranlar keçməlidir. İşçi komissiyası bunu yoxlayıb müəyyən etdikdə kriteriyalara nə qədər cavab verdiyinə görə həmin restoranların ulduzlama məsələsini yerinə yetirirlər. Bu ilk növbədə sağlam rəqabətin olmasında müsbət rol oynayacaq. Çünki bəzi restoranlar var ki, onlar müxtəlif cür özlərini reklam edə bilirlər. sosial şəbəkələrdə özlərini olduğundan daha keyfiyyətli şəkillər ilə öndə olduqlarını göstərirlər. Amma ulduz təsnifatı nəticəsində bunların real qiymətləndirilməsi tam obyektiv şəkildə aparılarsa, istehlakçılar hər şeydən xəbərdar olacaq. Çünki hər bir istehlakçı özü üçün hər bir restoranı təftiş edə bilməz. Düzdür, hazırkı internet dövründə artıq bir sıra saytlarda reytinqləri görə bilirik. Amma müvafiq qurum tərəfindən verilən ulduz sertifikatı müştərilərin daha rahat seçim etmələrinə və ədalətli rəqabət mühitinin yaranmasına səbəb ola bilər. Əvvəlcə dəqiqləşdirmək lazımdır ki, restoranların ulduzlaşma sertifikatını hansı qurum verir. Buna müvafiq olaraq da oradan kriteriyaları bilə bilərik. Dünya praktikasında belə bir nümunələr var. Düşünürəm ki Azərbaycanda bu praktikanın olması, xidmətin səviyyəsinin yüksəlməsinə xidmət edəcək”.