Psixoloq: Narkotikdən çox danışmaq özü də, şüuraltı manipulyasiya təbliğatıdır

Lənkəranda yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon ərazisində hərəkətdə olan "Ford" markalı yük avtomobilinin sürücüsü işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücü 42 yaşlı Fuad Məmmədovun narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin edilib.
Tibbi müayinənin nəticəsində F.Məmmədovun narkotik vasitədən istifadə etməsi təsdiqini tapıb.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.


Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, hər zaman olduğu kimi narkotiki satan yox, istifadə edənlər saxlanılır: 

“Bu məsələni tam şəkildə nəzarətə almaq üçün, gərək narkotikin ölkəyə daxil olunmasına qadağa qoyulsun. Xəbərlərdə yalnız qaçaqmalçılıqla ölkəyə daxil olan narkotik maddələr və onu keçirən şəxslərin saxlanıldığı göstərilir. Avstraliya, Böyük Britaniya, Kanada və sairə kimi böyük dövlətlərdə narkotikin açıq satışı və istifadəsi hüquqidir. Belə ki, tibbə də məlumdur ki, normada istifadə olunan narkotikin təbii növləri, bəzi xəstəlikləri aradan qaldırır. Necə ki, ilanın zəhəri öldürdüyü kimi, həm də sağaldır. Marixuana, yəni çətənə otu isə ümumiyyətlə narkotik hesab olunmur. Çünki, təbiətdə bitir. Təbiət isə ziyanlı nemət bəxş etmir. İstənilən hər şey düzgün şəkildə istifadə olunmadıqda ziyanlı olur. Çətənə əzələdə spazma və ağrıları aradan qaldırır, immun sistemini gücləndirir, iştahsızlığı aradan qaldırır, Parkinsondan əziyyət çəkən və müalicə edə bilməyənləri 4-6 saat bu xəstəlikdən azad edir, xərçəng xəstəliyinin yaranmasının qarşısını alır. Məsələ burasındadır ki, kiçik ölkələrdə xüsusən xəstəlik də, əsas gəlir mənbəyi olduğundan, əlbətdə ki, sağlam insanların çoxluğu səhiyyəyə sərf etmir. Bu səbəbdən narkotikin daha keyfiyyətsizi və daha tez asılı vəziyyətə gətirilən kimyəvi tərkib növləri yayqındır. Narkotikdən çox danışmaq özü də, şüuraltı manipulyasiya təbliğatıdır. Qadağan olunmuş bir şey nə qədər çox danışılsa, bir o qədər maraq oyadır. Bill Geyts, Stiv Jobs və bir çox  tanınmış, hətta həkimlər də, təbiətdən gələn təbii kannabinoid tərkibli göbələk və otlardan istifadə etdiklərini təsdiq etmişdilər. Hər bir insan isə özü qərar verir, sağlamlığı üçün nəyi istifadə edir. Özünü məhv üçün kimyəsal maddə istifadə edirsə, üstəlik başqalarının həyatına maneə yaradırsa cəza tətbiq olunmalıdır. Cəza məsuliyyətsizliyini dərk etməsi üçündür. Narkotikin satışı azaddır, alışı qadağadır. Hər kəs özü qərar verir. Onsuzda psixiatriyada, nevrologiyada bütün dərmanlar narkotik tərkiblidir. Çünki dünya sistemi bu şəkildə işləyir. İnsanı asılı vəziyyətə salmaq. Hər kəs nəyinsə narkomanıdır. Geyimin, yeməyin, dərmanın, sosial şəbəkənin və sairə”.