Plastik cərrahiyyə əməliyyatı icra edən həkim-cərrahların təftişi aidiyyətli orqanların səlahiyyətli nümayəndələri tərəfindən davam etdirilir. Məlumdur ki, ötən ilin dekabrında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində xüsusi əməliyyat həyata keçirildi. Bildirildi ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır. Qeyd edilirdi ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanır. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı vəzifəli şəxslərdən 6 nəfərin saxlanıldığı qeyd olunurdu.
Ardınca Səhiyyə Nazirliyi plastik cərrahlara müraciət edərək Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasının yaradıldığını bildirdi. Müraciətdə qeyd edilirdi ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər. Sənədlər tələb olunan qaydada və göstərilən tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq. Bu günlərdə isə Səhiyyə Nazirliyi növbəti xəbərdarlıq edib. Və müvafiq sənədlərin yanvarın 31-dək təqdim edilməli olduğunu bir daha vurğulayıb.
Maraqlıdır ki, bu “vurhavur”da plastik cərrahiyyə əməliyyatları barədə efirlərimizdə gen-bol söhbətlər, tanıtımlar davam edir, efirə dəvət edilən plastik cərrahların reklamı da dayanmayıb. Plastik cərrahlar göz rənginin dəyişdirilməsindən tutmuş ayaq barmaqlarının ucuna kimi hər cür dəyişiklik etməyə qadir olduqlarını bildirirlər. Bir halda ki, hazırda hüquq-mühafizə orqanları yoxlamalar aparır, Səhiyyə Nazirliyi isə plastik cərrahlardan peşə fəaliyyətlərinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini təqdim etmələrini gözləyir, efirə dəvət edilən həkimlərin qanunauyğun çalışıb-çalışmadığı telekanal rəhbərləri, proqram aparıcıları tərəfindən necə ayırd edilir? Onları Səhiyyə Nazirliyi hələ ayırd – saf-çürük edə bilməyib. O həkimlər aparıcılara hansı sənədləri təqdim edib proqrama qonaq olurlar? Paradoksdur, deyilmi?.. Məntiqə qalsa, efirlər plastik cərrahları verilişə dəvət etməkdən hələ ki çəkinməlidir. Yoxlamalar başa çatdıqdan və kimin kim olduğu müəyyənləşdikdən sonra lisenziya əsasında fəaliyyət göstərən həkimləri buyurub dəvət etsinlər. Amma yox, maddi maraqlar yenə də üstün gəlir və qanuni fəaliyyət göstərib-göstərmədiyi hələ bəlli olmayan, təsdiqini tapmayan həkimlər efirdə boy göstərir.
Plastik cərrahların televiziya və radio kanallarının efirinə çıxışına qadağa qoyulması ilə bağlı bu arada məlumat yayıldı. Lakin məlumat təsdiqini tapmadı.
Məlumatı dəqiqləşdirmək üçün Audiovizual Şuraya müraciət etdik. Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, həm bu məsələ, həm də digər mövzularla bağlı televiziya kanallarına Şura tərəfindən tövsiyələr verilir:
- Konkret olaraq sözügedən məsələ ilə əlaqədar olaraq da kanallara tərəfimizdən müvafiq tövsiyələr verilib. Eyni zamanda bir daha qeyd etmək istərdim ki, müvafiq sənədi olan həkimlər sərbəst şəkildə efirlərə dəvət edilə bilər. Hər bir yayımçı efirə dəvət etdiyi şəxs və qonaqla bağlı özü məsuliyyət daşıyır. Bu məqsədlə, həmişə olduğu kimi, kanallar efirə hər hansı bir sahədə fəaliyyət göstərən həkimləri dəvət edəndə onlardan fəaliyyət sahələri üzrə malik olduqları sertifikat və ya lisenziyasının olmasına diqqət yetirirlər. Belə sənədi olmayan şəxslər efirə buraxılmır. Son zamanlar da mediada, o cümlədən sosial media səhifələrində plastik cərrahlarla bağlı yayılan məlumatlar televiziya və radio yayımçılarını bu mövzuda diqqətli olmağa vadar edir.