Prezident Rəcəb Tayyib Ərdoğan Novruzun Türkiyədə rəsmi bayram elan olunmasına ümid etdiyini bildirib.
Ankarada hökumət iclasının yekunlarına dair keçirilmiş mətbuat konfransında çıxış edən Türkiyə lideri baharın gəlişi münasibətilə Türkiyədə təşkil olunan tədbirlərə diqqət çəkib.
“Bu il Novruz ölkəmizdə xüsusi bayram ab-havasında qeyd olunub. Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik”, - deyə Ərdoğan bildirib və Novruzu bolluq, firavanlıq simvolu adlandırıb.
Onun sözlərinə görə, Türkiyə hökuməti cəmiyyətdə qardaşlığın və həmrəyliyin gücləndirilməsi üzrə səylərini davam etdirəcək. “Təfriqə və nifrət yaradan qüvvələrin maneələrinə baxmayaraq, Novruz gələcəkdə də Türkiyənin 85 milyonluq sakini arasında birliyə dəvət edən yeni ümidin simvolu olacaq”, - deyə Ərdoğan vurğulayıb.

Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk “Sherg.az”a bildirib ki, yaxşı hal odur ki, qardaş Türkiyədə Novruz bayramına baxış dəyişir:
“Prosesin dövlət səviyyəsində olması yaxşı vədlərdən xəbər verir. 21 mart Türkiyədə bahar və qardaşlıq bayramı elan edilməsi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yöndə çıxışı vəziyyəti müsbət istiqamətə aparacaq. Novruz bayramı Türk dünyasının ümummilli bayramına çevrilməlidir. Buna böyük ehtiyac var. Tarixi nöqteyi-nəzərdən də yanaşsaq, Novruz Türk xalqının birliyini təcəssüm etdirən bayram olub. Novruz bayramının fəlsəfi-ideoloji təməli birlik və həmrəylik üzərində qurulub. Novruz bayramı bütün rəmzləri ilə Türk dünyasının ümummilli bayramıdır. Türk xalqı təbiətə bağlı olub. Novruz yaxud Ergenekon, ya da Ulus bayramı Türkün oyanışı və dirilişi ilə başlayıb. XXI əsr "Türk əsri" olduğu üçün milli dəyərlərimizə xidmət edən bayramlarımızı yaşatmalı və ayaqüstə saxlmalıyıq ki, birlik təməlimiz güclü olsun. Məsələyə bu prizmadan yanaşmalıyıq. Türkiyə prezidenti Ərdoğanın təklifi bunun Türk dünyasında daha da güclənməsinə və yol açmasına səbəb olacaq. Bu alqışlanmalı və dəstəklənməlidir”.