Xəbər verdiyimiz kimi, “Melissa Group” tikinti şirkətinin işçiləri bu gün paytaxtın Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
DİN-dən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb və araşdırma aparılır.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, 2016-cı il Nazirlər Kabinetinin 86 saylı sərəncamına əsasən paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin söküntülərinə start verilib:
“Bu günə qədər çox sayda fərdi yaşayış evləri və köhnə çoxmənzilli yaşayış binaları sökülərək yeni tikili binalarla əvəzlənib. Bundan əlavə, artıq 2023-cü ilin dekabr ayında paytaxt Bakı şəhərinin yeni baş planı təsdiqləndi ki, baş plana əsasən paytaxt ərazisində çox sayda yaşayış məntəqələri sökülərək yeni tikili binalarla əvəzlənəcək. Bəzi ərazilər isə dövlət ehtiyacı üçün alınaraq müxtəlif infrastrukturlar üçün istifadə olunacaq. Biz baxsaq, Bakı şəhərində köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərində müxtəlif formada problemlər yaşanır. Təbii ki, hər hansı bir tikinti şirkəti ərazidə tikinti işlərinin aparılması üçün müvafiq lazım olan bütün sənədləri toplayır, icazələr alınır. Daha sonra isə həmin ərazilərdə söküntü və tikinti işlərinə başlanılır. Tikinti şirkətlərinin vətəndaşı birmənalı olaraq onları evlərindən çıxartması, qanuna uyğun deyil. Lakin ərazinin qəzalı olması ilə bağlı əgər tikinti şirkətində rəsmi qurumlar tərəfindən verilmiş rəy varsa, vətəndaşlar həmin ərazini təhlükə mənbəyi olduğu üçün bu tip ərazilərdən köçürülməlidir. Təbii ki, vətəndaşlara evlər sökülərkən, bəzən pul, bəzən isə tikdikləri binalarda mənzillər verilir. Bu cür hallar müxtəlif zamanlarda baş verir ki, bəzən mənzil sahibləri tikinti şirkətlərindən daha çox pul tələb edirlər. Yəni mənzilinin qat qat artıq pul tələb edirlər ki, bu da tikinti şirkətləri tərəfindən bu cür pulların ödənilməsi həmin şirkətlərin iflasına gətirib çıxarır. Məhkəmə qərarı olmadan olunubsa, bu, texniki səhv ola bilər və yaxud hər hansısa bir səbəbdən olubsa, artıq aidiyyəti qurumlar tərəfindən bu proses araşdırılacaq. Lakin hazırda əvvəlki illərə nisbətən tikinti şirkətlərinin sayı az olduğuna görə tikinti bazarında qalan şirkətlərin demək olar ki, hər biri etibarlı şirkətdir və paytaxt Bakının sökülüb yenidən tikilməsi üçün mütləq şəkildə həm vətəndaşlar, həm də aidiyyəti dövlət qurumları tikinti şirkətlərinə bu sahədə dəstək olmalıdır. Əks halda, vətəndaşlarla baş verən konfliktlər səbəbindən tikinti şirkətləri üçün artıq demək olar ki, bu cür söküntü və tikinti işləri aparmaq maraqlı deyil və ciddi problemlərə yol açır. Bu baxımdan bəzi hallarda vətəndaşlar tikinti şirkətlərindən külli miqdarda pul tələb edirlər və onun nəticəsində bu cür halların yaşanmasına da rast gəlinir. Təbii ki, araşdırıldıqdan sonra hüquqi qiymət veriləcək. Hər mənada məsələ araşdırılmalıdır. Vətəndaşın təklif olunan qiyməti əgər vətəndaşın əmlakının dəyərindən də çoxdursa, düşünürəm ki, hansısa formada razılaşmalı idi. Çünki baş verən hadisədən görüntülərdən də görünür ki, ərazi demək olar ki, sökülüb köçürülüb və ərazidə tək qalan həmin mənzillə bağlı vətəndaşa ödənilən kompensasiya vətəndaşı qane etməzsə, məhkəmə qaydası ilə bu məsələ mübahisələndirilə bilər və vətəndaşın evi yenidən qiymətləndirilə bilər. Sökülmüş ərazidə texnika işləyirsə, ərazi tam sökülübsə, həmin ərazidə yaşamağın özü də həmin insanların həyatı üçün təhlükə yarada bilər. Bu baxımdan məsələ tam araşdırıldıqdan sonra düşünürəm ki, aidiyyatı qurumlar tərəfindən məsələyə hüquqi qiymət verilə bilər".