Vay halımıza... -Hava Limanından şəhərə gedən yol da inhisara alındı

“Dad, min dəfə dad belə məmurlar əlindən, əllərinə səlahiyyət keçən kimi gözləri heç nə görmür...”
Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas məqsədlərindən biri sərnişinlərə yüksək səviyyəli xidmət göstərmək və onların rahatlığını təmin etməkdir.
Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, bir çox ölkələrdə olduğu kimi, hava limanı da ölkəyə daxil olan qonaqlarda ilk təəssürat yaradan əsas məkandır: "Lakin bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir. Təəssüf ki, hələ də oxşar hallarla rastlaşırıq".
Aeroportdan o da bildirilib ki, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır: "Bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir. Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir. Bütün rəsmi taksi operatorlarını xidmət keyfiyyətini artırmağa və sərnişin məmnuniyyətini təmin etməyə çağırırıq". (APA-Economics)
Son bir ilə qədər Azərbaycanın taksi qiymətlərinə görə ən ucuz ölkələrdən biri olduğunu xatırladan iqtisadçı- ekspert Natiq Cəfərli bildirib ki, taksi xidməti yeganə sahə idi ki, son 10 ildə qiymətlər xeyli ucuzlaşmışdı:
 "Devalvasiyalardan öncə daha baha olan taksidə gediş haqqı, 2015-ci ildən, manat dəyərdən düşəndən sonra, əksinə, daha da ucuzlaşmışdı. Hökumət, təbii ki, belə şəraitə dözə bilməzdi, necə yəni rəqabət, ucuzlaşma var – olmaz axı, rəqabət də olmaz, ucuz xidmət də. Ona görə də bu sahəyə aşırı tənzimləmə qaydaları gətirərək taksi xidmətini bahalaşdırmağa başladılar. Keyfiyyət dəyişməsə də, qiymətlər artdı, mediada hələ bunu, “tıxaclarla mübarizə”, kimi təqdim edən məmurlar da var idi – hanı, tıxaclar azaldımı?! Təbii ki, yox, amma qiymətlər artdı, rəqabət zəiflədi, əsas məqsəd də bu idi. Çünki taksi sahəsində rəqabət, rəqabət sahəsində ucuzluq görən vətəndaş, birdən çaşıb başqa sahələrdə də rəqabət istəyər, olmaz axı, vətəndaş niyə rəqabət haqqında düşünməlidir?!
İndi də Hava Limanından şəhərə taksi xidməti tam inhisara alınır, ora getmək olar, amma şəhərə gəlmək üçün ancaq xüsusi taksilərdən, özü də daha baha qiymətə istifadə etmək lazım gələcək – “əla”dı da, məmurlarımız bu yolla, yəqin ki, turizmi inkişaf etdirirlər, "halal olsun". 
Düşünürəm ki, bütün  inhisarçılıq kimi, bu addım da çox bəsit "məntiqdən" doğub – hansısa məmur düşünüb ki, niyə taksi xidməti azad, rəqabətli olmalıdır ki?! Öz-özünə deyib ki, gəl elə Hava Limanından şəhərə gəlişi alım inhisara, ancaq mənə hər gedişdən pay verən sürücülər işləsinlər, oturduğum yerdə günə 5-10 min manat qazanım. Bəli, dad, min dəfə dad belə məmurlar əlindən, əllərinə səlahiyyət keçən kimi gözləri heç nə görmür...”