Azərbaycanlı zəvvarlar bu axşam Tərviyəyə çıxacaqlar

"Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların bir qismi bu gecə Tərviyəyə çıxacaqlar".

Bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, Tərviyə Mina çadır şəhərciyinə getmək deməkdir:

"Bu da könüllüdür, tam vacib əməl deyil. Buna görə də, zəvvarların hamısı deyil, təxminən 60 %-i gedəcək. Onlar Minaya çıxacaqlar. Sabah bütün günü Minada olacaqlar".

O bildirib ki, Məkkədə olan digər zəvvarlar isə sabah gecədən başlayaraq Ərəfat dağına çıxacaqlar.

"Ərafat hər il Qurban bayramından 1 gün əvvələ düşür, yəni bu il iyunun 5-i Ərafat günüdür. Onlar birisi gün sübh vaxtı Ərafatda olacaqlar. Minada olan zəvvarlar da sübh namazından sonra Ərafata gələcəklər. Beləliklə, bütün zəvvarlar iyunun 5-i Ərafat dağında olacaqlar. Ərafatda durmaq Həccin əsas ayinidir. Əgər bu icra edilməsə, Həcc məqbul sayılmır. Peyğəmbər (s.ə.s) buyurub ki, Həcc Ərafatdır. Bu da zöhr azanından şam azanına kimi orada durmaq, dualar etməkdir".

V.Cahangiri şam namazından sonra zəvvarların hamısının Müzdəlifə çölünə gedəcəklərini deyib:

"Onlar orada gecədən səhərə kimi ibadət edəcəklər. Müzdəlifədə şeytana daş atmaq üçün xırda daşlar yığacaqlar. Qurban bayramı günü onlar oradan Mina çadır şəhərciyinə gedəcəklər, orada əşyalarını qoyub Camarata (Şeytangah) yollanacaqlar. Şeytangahda "Əqəbə"yə, yəni böyük şeytana 7 ədəd daş atacaqlar. Daha sonra isə Qurbangaha qayıdıb orada qurban kəsəcəklər. Sonra isə saçlarını qırxdırıb hacı olacaqlar. Bu da Həccin pik nöqtəsi hesab olunur. Bundan sonra Minada və Kəbədə Həccin digər vacib əməlləri olacaq".