Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa olunub, eləcə də ərazi və sanitariya-mühafizə zonalarının xəritələri təsdiq edilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov deyib.
V. Kərimov bildirib ki, hazırda Arazboyu Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası çərçivəsində Yasaqlığın ərazi xəritəsinin layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin qorunması, o cümlədən xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərinin mühafizəsi məqsədi ilə yeni milli parkın yaradılması istiqamətində müvafiq işlərə başlanılıb. Bununla əlaqədar, Nazirlik tərəfindən Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə yaradılması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Hazırda Yeni Milli Parkın yaradılması istiqamətində işlər davam etdirilir.