Bir anlıq yuxu, ömürlük peşmanlıqdır: Nəqliyyat eksperti həyəcan təbili çalır

Son günlər respublika əhəmiyyətli magistral yollarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında yuxulaması ilə bağlıdır. Təkcə son bir ay ərzində bu səbəbdən ölüm və xəsarətlə nəticələnən 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilib. Qeyd edilib ki, hadisələrin təhlili göstərir ki, isti hava şəraitində səhhətində problemi olan, yuxu gətirən dərman preparatları qəbul edən, yaşı 60-dan yuxarı olan, gecə və uzun növbəli iş rejimində çalışan, uzaq məsafələrə fasiləsiz səfər edən, yuxu pozuntularından əziyyət çəkən, xroniki yorğunluğu olan, eləcə də alkoqol qəbulundan sonra psixofizioloji baxımdan hələ tam bərpa olunmamış sürücülər arasında sükan arxasında yuxulama hallarına daha tez-tez rast gəlinir. Belə vəziyyətdə avtomobil idarə etmək qəza riskini dəfələrlə artırır və nəticələr çox zaman ağır olur. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə, soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə günün daha sərin saatlarında yola çıxmağa çağırıb. 
Nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, bu, kifayət qədər həssas məsələdir:
 “Sürücü sükan arxasında yuxulayacağını əvvəlcədən bilə bilməz. Bu, onun şüurlu qərarı deyil, anidən baş verən fizioloji haldır. Bu baxımdan da qanunvericilikdə bununla bağlı konkret cəza və ya mexanizm müəyyənləşdirmək çətindir”.
Ekspertin sözlərinə görə, içkili və ya narkotik maddələrin təsiri altında sükan arxasına oturmaq qanunvericiliklə açıq şəkildə tənzimlənir. Çünki bu, sürücünün bilə-bilə etdiyi məsuliyyətsiz addımdır. Lakin sükan arxasında yuxulamaq çox zaman orqanizmin verdiyi təbii reaksiyadır.
İ.Hüseynli hesab edir ki, əsas məsuliyyət elə sürücülərin öz üzərində qalır: 
“Sürücü fiziki və psixoloji durumunu düzgün qiymətləndirməli, vaxtında istirahət etməli, sükan arxasında özünü gümrah hiss etdiyindən əmin olmalıdır. Yuxusuz halda yola çıxmaq təkcə şəxsi təhlükə deyil, bu, ictimai məsuliyyətdir”.
Ekspert eyni zamanda magistral yollarda yaradılan şəraitə də diqqət çəkir. Onun sözlərinə görə, bir çox sürücülər DYP postlarını sadəcə sənəd yoxlama yeri kimi görür:
 “Halbuki, bu postların əksəriyyətində sürücülər üçün istirahət etməyə imkan verən şərait mövcuddur. Həmçinin, magistral yol kənarlarında restoranlar və digər dayanacaq nöqtələri də var. Sürücü özünü sükan arxasında halsız hiss edirsə, heç olmasa, yaxınlıqdakı postda və ya istirahət məntəqəsində bir müddət dayanıb dincəlməlidir. Bu, qəzanın qarşısını ala bilər. Bu baxımdan, sürücülər arasında maarifləndirmə tədbirləri gücləndirilməli, xüsusilə uzun məsafə qət edən sürücülərə fiziki və zehni sağlamlıqlarını daim nəzarətdə saxlamaq vərdişi aşılanmalıdır. Unutmaq olmaz: yolda bir anlıq yuxu, bir ömürlük faciəyə səbəb ola bilər”.