Böyrəklərini itirdi, amma ümidini yox, 29 illik mübarizə

Böyrək üçün son şansı idi.  Siyahıya yazıldı, 45 dəqiqə sonra telefonu zəng çaldı
Antalyada yaşayan 61 yaşlı Ayşe İnce “bəlkə bir şansım qalar” deyərək orqan nəqli siyahısına adını yazdırıb. Qeydiyyatdan cəmi 45 dəqiqə sonra gələn zəng onun həyatını dəyişib.
Sherg.az xəbər verir ki, Kumluca rayonunda yaşayan Ayşe İnce 1996-cı ildə vaxtından əvvəl doğuş zamanı körpəsini itirib və reanimasiyaya yerləşdirilib. Təxminən iki ay ağır vəziyyətdə qalan İnce bu müddətdən sonra böyrək çatışmazlığı diaqnozu alaraq dializə girməyə başlayıb.
Bir əməliyyat və uzunmüddətli müalicədən sonra 1997-ci ildə böyrəkləri yenidən fəaliyyətə başlayıb. Dərman və pəhrizlə həyatına davam edən İnce bir neçə il əvvəl böyrəklərinin tamamilə sıradan çıxdığını bildirib.
Əvvəlcə periton dializi ilə müalicə alan qadının səhhəti daha da pisləşəndə o, Antalya Təhsil və Tədqiqat Xəstəxanasının Orqan Nəqli Mərkəzinə müraciət edib və böyrək nəqli tövsiyə olunub.
Sentyabrın əvvəlində bütün analizlərini verərək mərkəzdə qeydiyyatdan keçən İnce, bir həftə sonra Səhiyyə Nazirliyinin orqan və toxuma nəqli siyahısına salınıb. Siyahıya alındıqdan cəmi 45 dəqiqə sonra, İstanbuldan tam uyğun toxumalı bir böyrək hədiyyə edildiyi xəbəri gəlib.
Prof. Dr. Arif Aslanerin rəhbərlik etdiyi komanda bağışlanan böyrəyi təcili şəkildə təyyarə ilə Antalyaya gətirib və əməliyyatı uğurla həyata keçirib.
Sağlamlığına qovuşan Ayşe İnce 17 mart 1996-cı ildə həm körpəsini, həm də böyrəklərini itirdiyini xatırladaraq deyib:
“Əməliyyatdan sonra ‘böyrəyin işləyəcək’ dedilər, amma işləmədi. Bədənimdən bir dəfə 7 kilo maye çıxarmışdılar. Bir müddət dializə girdim. Bir il sonra böyrəklərim yenidən işləməyə başladı. Pəhrizimə çox ciddi əməl edirdim -  duzu tamamilə həyatımda çıxarmışdım, hətta sousum da duzsuz idi.”
Yeni böyrək tapılmasının sürətinə təəccübləndiyini bildirən İnce əlavə edib:
“Qeydiyyatdan 45 dəqiqə sonra zəng gəldi. Axşam əməliyyat oldum. Bağış sayəsində yenidən sağlam oldum. Həmin ailəyə hər gün dua edirəm. Kaş hamı orqan bağışı etsin – bu, ən gözəl xeyir işdir.”
Əri Halil İnce isə həyat yoldaşının əməliyyatdan əvvəl gündə 33 dərman qəbul etdiyini, indi isə həm səhhətinin, həm də ruh halının düzəldiyini deyib.
Orqan Nəqli Mərkəzinin müdiri Prof. Dr. Arif Aslaner açıqlamasında bildirib:
“Ayşe xanımda xroniki böyrək çatışmazlığı var idi. Damar patologiyaları başlayırdı, vəziyyəti çox riskli idi. İstanbulda bağışlanan böyrək altıda-altı uyğun çıxdı və dərhal qəbul etdik. Əməliyyat uğurlu keçdi. Həyatının ən təhlükəli mərhələsində bağış tapılması onun üçün möcüzə oldu.” 
Turan