Cəbhə bölgəsindən Ali Baş Komandana məktub: “Biz gördük ki, Siz hər zaman xalqımızın yanındasınız”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Tərtər rayonundan Rafiq Səfərov, Məhərrəm Rəhimov, Kəmalə Quliyeva, Elşən Səfərov və Nabat İbrahimova dövlət rəhbərinə yazırlar:

“Çox hörmətli cənab Prezident, Tərtər rayonunun A.Məmmədov adına Xoruzlu kənd tam orta məktəbinin kollektivi adından Sizə böyük təşəkkürümüzü bildiririk. Uzun illər məktəbimiz yararsız vəziyyətdə idi. Amma buna baxmayaraq, müəllim və şagird kollektivi çətin də olsa, təhsilini davam etdirirdi. Sizin Tərtərə gəlişiniz və məktəbimizin yenidən tikilməsi haqqında verdiyiniz Sərəncam bizi Sizə daha da yaxınlaşdırdı. Biz gördük ki, Siz hər zaman xalqımızın yanındasınız. İstər cəbhə bölgəsində vəziyyətin gərginləşdiyi dövrlərdə, istərsə də hazırkı koronavirus bəlası ilə mübarizə zamanı Siz tərtərliləri heç vaxt diqqətdən kənarda qoymamısınız. Qədirbilən tərtərlilər bunun dəyərini çox gözəl bilir və hər zaman təqdir edir. Əziz Prezidentimiz, Ulu Tanrıdan Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayırıq”.