Dövlət rəhbərinə təşəkkür: “Siz həqiqətən vətəndaşı onun özündən daha çox düşünürsünüz”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Şəmkir şəhərindən Sabir İbrahimov və Rahilə İbrahimova dövlət rəhbərinə yazırlar: 
“Çox hörmətli cənab Prezident, bəşəriyyəti cənginə almış qorxunc pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, bəzi dövlətlərin bu virusa biganə yanaşdığından çətin vəziyyətə düşdüyü halda, Sizin əsl vətəndaşlıq nümunəsi göstərərək xalqın yanında olmağınız bizləri qürurlandırır. Əhalinin sağlamlığının qorunmasının ön plana çəkilməsi, Sizin uzaqgörən siyasətinizlə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi bu pandemiyadan daha az itkilərlə çıxmağımıza zəmin yaradıb. Möhtərəm cənab Prezident, Sizin ölkəmizi COVID-19 virusundan qorumaq üçün atdığınız hər addımınızı bir ailənin iki həkim üzvü olaraq alqışlayır və xalqımızın sağlamlığı naminə verdiyiniz tapşırıqları səngərdəki bir əsgər kimi hər zaman sevə-sevə yerinə yetirəcəyimizə söz veririk. Siz həqiqətən vətəndaşı onun özündən daha çox düşünürsünüz. Əziz və qayğıkeş Prezidentimiz, Şəmkir sakinləri də Sizə - qəlbi daim xalqı ilə döyünən rəhbərə hər zaman dəstək olacaqlar. Biz fəxr edirik, qürur hissi keçiririk ki, Sizin kimi Prezidentimiz var. Uca Tanrı Sizi qorusun!”.