Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Bakının Nəsimi rayonundan Tamrelka İsmayılov dövlət rəhbərinə məktubunda qeyd edir:
“Möhtərəm cənab Prezident, Azərbaycan Respublikasının vətəndaşı kimi özüm və bütün ailə üzvlərim Sizin uğurlu xarici və daxili siyasətinizi ürəkdən bəyənirik. Çünki bu uğurlu yol Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin yaratdığı yoldur. Siz Ulu Öndərin təməlini qoyduğu müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edir, onu yeni zirvələrə doğru aparırsınız. Ölkə iqtisadiyyatının bütün sahələrində yüksək və davamlı inkişaf göz qabağındadır.
Sizin rəhbərliyiniz sayəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Dünyanı ağuşuna almış COVID-19 pandemiyasına qarşı çevik və vaxtında gördüyünüz düşünülmüş tədbirlər Sizin yüksək idarəetmə bacarığına malik dövlət rəhbəri olduğunuza əyani sübutdur. Bir çox ölkənin rəhbərləri Sizin təcrübənizdən bəhrələndilər.
Ölkənin böyük şəhərlərində və rayon mərkəzlərində yeni xəstəxanaların, diaqnostika mərkəzlərinin tikilməsi, köhnələrin təmir olunub müasir tibbi avadanlıqlarla təmin olunması, yeni xəstəxanaların pandemiya dövründə virusa yoluxmuş xəstələrin müalicəsi üçün verilməsi, Azərbaycan vətəndaşlarının dünyanın müxtəlif ölkələrindən təxliyə olunaraq müasir otellərdə dövlət hesabına yüksək xidmət göstərilərək karantində saxlanılmaları təqdirəlayiqdir.
Müasir Azərbaycan dövlətinin möhkəmlənərək qüdrətli bir dövlətə çevrilməsində, bu dövlətin dünyaya tanıdılmasında, ölkədə səhiyyənin, mədəniyyətin, incəsənətin, əhalinin sosial vəziyyətinin gündən-günə yaxşılaşdırılmasında və digər dövlət əhəmiyyətli məsələlərin həllində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əməyi danılmazdır. Çox hörmətli cənab Prezident, mən və bütün ailə üzvlərim şadıq ki, yüksək idarəetmə qabiliyyətinə malik, uzaqgörən və dünya liderləri arasında yüksək hörməti olan Prezidentimiz var. Allah Sizi, Mehriban xanımı, övladlarınızı pis niyyətlərdən və bəlalardan qorusun!”.