"Qələbənin dayanıqlığı güclənəcək, burada söhbət sadəcə maddi yardımlardan getmir, ən mühümü ideoloji mübarizədir"
Qovart bildirib ki, missiyanın məqsədi Avropa İttifaqı ilə Azərbaycan arasında humanitar əməkdaşlığı müzakirə etmək, həmçinin, Aİ tərəfindən edilə biləcək yardımların formasını, eyni zamanda Qarabağda gələcəkdə nəzərdə tutulan bərpa və quruculuq işlərində dəstəyini müəyyənləşdirməkdir. Onun sözlərinə görə, missiya məcburi köçkünlərin, eyni zamanda, hərbi əməliyyatlar zamanı zərər görmüş mülki şəxslərin ehtiyaclarını öyrənəcək və Avropa İttifaqının bu ailələrə necə dəstək verəcəyini müəyyən edəcək. Görüş zamanı F.Hüseynov nəzərə çatdırıb ki, 30 ilə yaxın işğal altında saxlanılan rayonlar tamamilə dağıdılıb, yaşayış üçün yararsız hala salınıb. Ermənilər indi də vandalizm əməllərindən əl çəkmirlər. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin bu il noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq, Kəlbəcər rayonunu tərk edən ermənilər evləri, məktəbləri, meşələri yandırıb, ağacları kəsib aparıblar. Halbuki, azərbaycanlılar doğma yurdlarını tərk edən zaman özləri ilə heç nə apara bilməyib. Qeyd olunub ki, Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərinə dəyən zərərin qiymətləndirilməsinə əcnəbi ekspertlər də cəlb edəcək.
“Xarici qurumların və şirkətlərin Qarabağdakı proseslərdə iştirakı təmin edilməlidir. Bununla ideoloji dayanıqlılığımızı artırmış olarıq. İllər boyu erməni lobbisi bizə qarşı mübarizəsini idelogiya üzərində qurub. Qonşu Rusiyada nə qədər adam Qarabağın ermənilərin “torpağı” olması yalanına inanır. Bu mənzərə 5-6 ilin işi deyil, yüz illər ərzində aparılan erməni təbliğatının nəticəsidir. Öncə bu stereotipi dağıtmalıyıq. Cənab Prezident 44 günlük müharibə dövründə dünyanın bir çox nüfuzlu televiziya kanalına verdiyi müsahibələrlə mükəmməl təbliğat kampaniyası apardı. Prosesləri dəlillərlə, faktlarla təhlil edərək, ittihamçıları öz dilində susdurdu. Bunlar çox önəmlidir. Bəzən bir çıxışdan, verilən düzgün informasiyadan sonra minlərlə insanın düşüncəsi, baxışı dəyişir. Qarabağa beynəlxalq qurumların nümayəndələri də bu məqsədlə dəvət edilməlidir. Bəzən deyirlər ki, “özümüzün maddi imkanlarımız çatır, bizə kiminsə köməyi lazım deyil”.