Ekspert: Yol hərəkəti qaydalarını daha çox pozan qadın yox, kişi sürücülərdir

Əksəriyyəti də bilərəkdən edilən pozuntulardır, qadın sürücülər isə adətən qayda pozuntularını bilməyərəkdən edirlər
 Bunun qarşısını da almaq üçün maarifləndirmə tədbirləri effektiv ola bilər
Son dövrlər xanım sürücülərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri ciddi narahatlıq doğurur. Baş Dövlət Yol Polisi İdarəsindən "Şərq"ə verilən məlumata görə, aparılan təhlillər göstərir ki, bəzi hallarda diqqətsizlik, yol hərəkəti qaydalarına riayət olunmaması ağır yol qəzalarının baş verməsinə səbəb olur: "Təkcə cari ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə baş vermiş 107 yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olub və 159 nəfər xəsarət alıb. Hər bir xanım sürücü, bir ana, həyat yoldaşı və cəmiyyətin dəyərli üzvü olmaqla övladına, ailəsinə və cəmiyyətə qarşı məsuliyyətini dərk edərək, yol hərəkəti qaydalarına tam məsuliyyətlə yanaşmalıdır. Əgər nəqliyyat vasitəsilə hərəkət zamanı yüksək sürət, qəfil və təhlükəli manevrlər kimi ekstremal davranışlara həvəs yaranarsa, qadın sürücülər bir anlıq düşünməlidir. Bu hərəkətlər hara aparır – insan həyatının sonuna, xəstəxanaya, yoxsa həbsxanaya? Ciddi qayda pozuntuları törədən zaman qadın övladlarını, analıq borcunu, ailəsini, cəmiyyətdəki rolunu və nüfuzunu göz önünə gətirməlidir. Unutmayın, qadına həbsxana yaraşmır, sürət fəxr deyil, təhlükədir, qəza bir anda baş verir, peşmançılıq isə ömürlük olur".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün xanım sürücüləri soyuqqanlı və məsuliyyətli davranmağa, emosiyaya və riskli hərəkətlərə uymamağa çağırıb: "Yol hərəkəti bir yarış deyil – bu, həyatın özüdür", - deyə məlumatda qeyd olunub".
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə Sherg.az-a açıqlamasında deyib ki, yol hərəkətində qadın və kişi sürücülər arasında hüquqi fərq yoxdur və hər iki cins eyni qaydalarla məsuliyyət daşıyır:
 "Lakin ümumi statistik məlumatlar göstərir ki, yol qəzalarının və qayda pozuntularının əksəriyyəti kişi sürücülər tərəfindən törədilir, xüsusən də bilərəkdən edilən pozuntular. Qadın sürücülər isə adətən qayda pozuntularını bilməyərəkdən edirlər və bunun qarşısını almaq üçün maarifləndirmə tədbirləri effektiv ola bilər".
Ekspertin sözlərinə görə, cəmiyyət üçün ən böyük təhlükə, qaydaları bilərəkdən pozan, xüsusilə sürət həddini aşan, dönmə əməliyyatlarında və tunellərdə işıqdan istifadə etməyən kişilərdir:
 "Bu tip sürücülərin davranışlarını cərimələrlə dəyişdirmək çətindir, buna görə də belə şəxslərin sürücülük hüququndan məhrum edilməsi ciddi tədbir kimi görülməlidir".
E.Cəfərov həmçinin qadın və kişi fərqindən asılı olmayaraq, bir qrup sürücünün ümumiyyətlə avtomobil idarə etməyi bacarmadığını qeyd edib. Onların sürücülük kursları və məktəbləri formal xarakter daşıyır, proqramlar köhnədir və nəzarət zəifdir. Bu səbəbdən ekspert təklif edir ki, Elm və Təhsil Nazirliyi sürücülük məktəbləri və kurslarını ciddi nəzarətə götürsün, proqramlarını yeniləsin və real praktiki bacarıqları ön plana çıxarsın.
DYP-nin qadın sürücülərə çağırışına gəldikdə isə ekspert qeyd edib ki, qadın sürücülərin təhlükəsizliyi və yolda düzgün davranışlarının təşviqi üçün maarifləndirmə və təlim tədbirləri daha effektlidir: 
"Bu təşəbbüslər qadın sürücülərin bilik və bacarıqlarını artırmaqla qəzaların azalmasına, eyni zamanda yolda daha nizamlı və təhlükəsiz mühitin formalaşmasına xidmət edir.
Eyni zamanda onların səriştəsini artırmaqla yanaşı, cəmiyyətdə yol təhlükəsizliyi mədəniyyətinin inkişafına da töhfə verə bilər. Qadın sürücülərin maarifləndirilməsi, qaydalara riayət etməsi və təhlükəsizlik tədbirlərini tətbiq etməsi, ümumilikdə yol qəzalarının qarşısının alınmasına real təsir göstərir".