Elektron siqaretə tam qadağa çıxış yolu deyil - Parlamentari

Qadağa gəlir, amma risk də böyükdür, qara bazar təhlükəsi gündəmdədir

Razi Nurullayev: “Maarifləndirmə olmadan qadağa effektsiz qalacaq”

"Azərbaycanda elektron siqaretlərin qadağan olunması ilə bağlı təqdim olunan qanun layihəsi cəmiyyətdə geniş müzakirələr doğurur və bu, tamamilə təbiidir". Bu barədə "Şərq"ə açıqlamasında millət vəkili Razi Nurullayev deyib. Deputat bildirib ki, o, bu məsələyə ilk növbədə ictimai sağlamlıq baxımından yanaşır: "Bu baxımdan qanun layihəsinin əsas məqsədi, yəni gənc nəslin sağlamlığını qorumaq və nikotin asılılığının daha da genişlənməsinin qarşısını almaq başadüşüləndir və prinsip etibarilə dəstəklənməlidir. Lakin hesab edirəm ki, bu məsələ yalnız qadağa müstəvisində dəyərləndirilməməlidir. Təcrübə göstərir ki, təkcə qadağalarla problemin tam həlli mümkün olmur. Əgər paralel olaraq maarifləndirmə aparılmazsa, effektiv nəzarət mexanizmləri qurulmazsa, qeyri-qanuni satışın və qara bazarın artması riski yarana bilər. Bu isə daha keyfiyyətsiz və nəzarətsiz məhsulların dövriyyəyə çıxmasına gətirib çıxara bilər ki, bu da ictimai sağlamlıq üçün daha böyük təhlükədir".

Parlamentarinin sözlərinə görə, uzun illər siqaret çəkən və elektron siqareti tərgitmə vasitəsi kimi görən vətəndaşları da nəzərə almalıyıq: "Əgər bu kateqoriya üçün alternativ tibbi və psixoloji dəstək mexanizmləri formalaşdırılmasa, onların yenidən ənənəvi siqaretə qayıtmaq ehtimalı arta bilər. Bu isə qanunun əsas məqsədinə zidd nəticə verə bilər. Digər mühüm məqam isə sahibkarlıq subyektləri ilə bağlıdır. Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan sahibkarlar artıq bu qanun layihəsi ilə bağlı rəsmi bəyanat da yayıblar. Onlar qanunun məqsədini anlayışla qarşıladıqlarını bildirir. Lakin eyni zamanda qanunun tətbiqi üçün keçid dövrünün vacibliyini vurğulayırlar. Bu, tamamilə haqlı və nəzərə alınmalı mövqedir. Hesab edirəm ki, qanunun qəbulu zamanı həm istifadəçilərə, həm də sahibkarlara uyğunlaşmaq üçün kifayət qədər zaman tanınmalıdır. Yaxşı olardı ki, qanun iyul ayının 1-dən qüvvəyə minsin. Keçid müddətinin müəyyən edilməsi, mövcud anbarda yığılan malların taleyinin aydınlaşdırılması, biznes subyektlərinin birdən-birə zərərə məruz qalmamasının təmin olunması vacibdir. Məqsəd cərimə və qadağa tətbiq etmək yox, həm ictimai sağlamlığı qorumaq, həm də vətəndaşların və sahibkarların hüquqlarını nəzərə alan ədalətli qərar qəbul etmək olmalıdır. Yalnız bu halda qəbul edilən qanun real və uzunmüddətli müsbət nəticə verə bilər".