Elm də təsdiqlədi: Nənə nəvəsini övladından çox istəyir

Burada qarşılıqlı qazanc da var. Nəvəyə baxmaq ömrü uzadır, alimlər 37% daha az ölüm riskini açıqladı

Elm təcrübəni haqlı çıxardı. Nənələrin beyin funksiyalarını ölçən bir araşdırma, nənə-nəvə arasındakı bənzərsiz bağın gücünü sübut etdi.

Sherg.az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində yerləşən Emory Universitetində aparılan bir araşdırma göstərib ki, nənələr nəvələri ilə öz övladlarından fərqli bir münasibət qururlar. Nənəlik rolunun təkamül baxımından dəyərini araşdıran tədqiqatçılar, 3-12 yaş arası ən azı bir bioloji nəvəsi olan təxminən 50 qadının beyin funksiyalarını ölçüblər.

Araşdırmada hər bir nənə nəvəsinin, öz övladının, qohumu olmayan bir uşağın və bir yetkin şəxsin şəkillərinə baxarkən müşahidə edilib. Nənələrin beyinlərini öyrənmək üçün funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) üsulundan istifadə olunub.

“Proceedings of the Royal Society B” adlı elmi jurnalda dərc olunan nəticələrə görə, nənələr nəvələrinin şəkillərinə baxarkən emosional empati ilə əlaqəli beyin bölgələri aktivləşib. Bu isə o deməkdir ki, nənələr başqasının hiss etdiyi duyğuları hiss edə bilmək qabiliyyətini-yəni “emosional empati”ni işə salıblar.

Bundan əvvəl eyni tədqiqat qrupu Emory Universitetində ataların öz uşaqlarının şəkillərinə baxarkən beyinlərində hansı dəyişikliklərin baş verdiyini araşdırmışdı. Ata qrupundan əldə edilən nəticələrlə müqayisədə, nənələrin beynində emosional empati, mükafat və motivasiya ilə bağlı bölgələrdə daha güclü aktivlik müşahidə olunub.

Tədqiqatı aparan antropoloq bu mövzunu son dərəcə maraqlı hesab etdiyini bildirərək deyib: “İnsanların digər primatlarla oxşarlıqları və fərqləri məni maraqlandırır. Maraqlı fərqlərdən biri də balalarımızı böyütmə üsulumuzdur. Böyük meymun anaları balalarını tamamilə təkbaşına böyüdür. İnsan anaları isə adətən bu prosesdə kömək alırlar.”

Bu köməyin əsas mənbəyi, xüsusilə bizim kimi ənənəvi cəmiyyətlərdə, məhz nənələrdir.

1980-1990-cı illərdə antropoloq Kristen Havkes və komandası “nənə hipotezi” adlandırılan bir nəzəriyyə irəli sürmüşdü. Bu nəzəriyyəyə görə, digər böyük meymunlardan fərqli olaraq, insan dişiləri reproduktiv dövrləri başa çatdıqdan sonra da yaşayır və sonrakı nəsillərin uşaqlarının böyüməsinə kömək edirlər.

Nənələr əlbəttə ki, nəvələrinə baxmağı sevirlər, lakin bu davranış eyni zamanda onların genlərinin davamlılığını da təmin edir.

Elm hələ də nənə ilə nəvə arasındakı bağın niyə bu qədər dərin olduğunu araşdırır. “Evolution and Human Behavior” jurnalında yayımlanan bir araşdırmaya görə, nəvələrinə baxan nənə və babalar əhəmiyyətli dərəcədə daha uzun yaşayırlar.

Almaniyada aparılan bir tədqiqatda 70 yaş və yuxarı 500-dən çox yaşlı şəxsin məlumatları təhlil olunub. Nəticələr göstərib ki, nəvələrinə və ya başqalarına müəyyən formada qayğı göstərən yaşlıların 20 illik dövrdə ölüm riski başqalarına kömək etməyənlərlə müqayisədə daha aşağı olub. Nəvələrinə baxan nənə və babaların ölüm riski, baxıcılıq etməyən və ya ümumiyyətlə nənə-baba olmayan şəxslərlə müqayisədə 37 faiz daha az olub.

Görünən odur ki, nənənin nəvəsinə baxmasında qarşılıqlı qazanc var. Nəvə, onu valideynlərindən sonra ən çox sevən şəxsdən sevgi və diqqəti tam şəkildə alır, nənə isə həyata bağlanmaq üçün bir məna tapır. Bu da ömrünü uzadır.

Nənə nəvəsinə baxmaqla yalnız öz övladı üçün ailə həyatını asanlaşdırmır; eyni zamanda hamı üçün daha zəngin, daha xoşbəxt və daha sağlam bir mühit yaradır.

Kembric Universitetində aparılan bir araşdırma göstərib ki, kitab oxumaq, lego ilə oynamaq və ya parkda top oynamaq kimi fəaliyyətlər daha iti koqnitiv bacarıqlar, daha yaxşı əhval-ruhiyyə və daha uzun ömür gözləntisi ilə əlaqəlidir. Yəni nəsillərarası oyunların yaşlılar üçün faydalı olduğu müəyyən edilib.

Oyun vasitəsilə nənə və babalar ənənələri, həyat dərslərini və mədəni dəyərləri gənc nəslə ötürə bilirlər. Bu hekayələr uşaqlarda və ailələrdə kimlik və aidiyyət hissi formalaşdırır, eyni zamanda nənə və babalara da məqsəd və məna duyğusu qazandırır.

Nəsillərarası oyun əhvalı, yaddaşı və ümumi sağlamlığı yaxşılaşdırır. Nənə və babalar üçün faydaları, uşaqların hiss etdiyi faydalar qədər böyükdür. Onlar özlərini dəyərli, bağlı və məqsədli hiss edirlər.

Nəticədə, nəsillərarası təmas yalnız uşaqları deyil, nənələri də gücləndirir. Elmin də təsdiq etdiyi kimi, nəvə sevgisi həm genlərin davamını, həm də qəlblərin şəfasını təmin edir.