Gənc idmançıdan Liderə: “Sizin idmana göstərdiyiniz diqqət və qayğını həmişə hiss etmişik”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Tərtər rayonundan Faiq Məmmədovun  ölkə başçısına məktubunda bildirilir:   

 “Hörmətli cənab Prezident, Tərtər rayonunun idmançıları adından Sizi ürəkdən salamlayır, rayonumuzda möhtəşəm Olimpiya İdman Kompleksini bizə bəxş etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxtda Siz Mehriban xanımla birlikdə yeni sosial layihələrin həyata keçirilməsini dayandırmadınız. Tərtərdə istifadəyə verilmiş Olimpiya İdman Kompleksi bunun bariz nümunəsidir. Biz gənclər Sizin idmana göstərdiyiniz diqqət və qayğını həmişə hiss etmişik, bu gün də hiss edirik. Cənab Prezident, Tərtər idmançıları adından söz verirəm ki, yeni istifadəyə verilmiş Olimpiya İdman Kompleksində daha həvəslə məşq edəcək, sıralarımızı gənc idmançılarla genişləndirəcək, yeni uğurlara imza atacağıq. Tanrı Sizi və ailənizi qorusun!”.