Gənclərimiz bundan sonra daha ayıq-sayıq olmalıdırlar

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;  

 

 Düşmənlərlə müharibənin hərbi fazası bitsə də, informasiya cəbhəsində hələ davam edir

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Rəşad Sadıqova həsr olunmuş anım mərasimi, eləcə də onun həyat və döyüş yolundan, nümunəvi zabit kimi xidmət illərindən bəhs edən "Xatirələrin işığında: Rəşad Sadıqov" kitabının təqdimatı keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra şəhid polkovnik-leytenant Rəşad Sadıqovun həyat və xidmət illərini əks etdirən videoçarx nümayiş olunub. Şəhidin anası Fəlakət Hüseynova, qardaşı Səbuhi Sadıqov, övladı Nihad Sadıqov, əmisi Sadıq Həsənov Rəşad Sadıqovla bağlı xatirələrini bölüşüb, onun elmə, təhsilə olan marağından, Vətən sevgisindən və hərbi xidmətə sonsuz bağlılığından, ailəsinə, tabeçiliyində olan şəxsi heyətə qayğıkeş münasibətindən geniş söhbət açıblar. R.Sadıqovun doğmaları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eləcə də Müdafiə Nazirliyinə minnətdarlıqlarını bildirib, anım tədbirinin təşkilində əməyi keçən hər kəsə təşəkkür ediblər. "Xatirələrin işığında: Rəşad Sadıqov" kitabının müəllifi, eləcə də Rəşadın döyüş yoldaşı Amil Məhərrəmoğlu şəhid zabit yoldaşı barədə xatirələrini bölüşüb, kitabın hazırlanması ilə bağlı görülən işlərdən danışıb və iş prosesində, kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib. Müəllif belə kitabların şəhidlərin xatirəsinin daima ehtiramla yad edilməsində, gənc nəslin və hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsində səmərəli vasitə olduğunu xüsusi qeyd edib. Şəhid zabitin hələ xidmət dövründə göstərdiyi bir çox qəhrəmanlıq nümunələrinin insanlıq adına, zabit şərəfinə nümunə çəkiləcəyi bir daha diqqətə çatdırılıb. Belə ki, onun 2004-cü ildə Naxçıvan Muxtar Respublikasında baş verə biləcək faciəvi qəzanın qarşısını alaraq kursantların həyatını xilas etməsi, 2019-cu ildə Goranboy rayonunda xidməti yerinə gedərkən Ballıqaya kəndi ərazisində yanan evin söndürülməsində və iki yaşlı körpəni yanğından xilas etməsində göstərdiyi şücaətin dillər əzbəri olduğu vurğulanıb. Daha sonra kitabın redaktoru ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov Rəşadı şəxsən tanımadığına heyifsilənsə də, kitabın hazırlanması prosesində onun haqqında xatirələri oxuduqca şəhidin savadlı, peşəsini sevən bir zabit, Vətən, xalq üçün canını verməyə daima hazır olan bir insan kimi tanıdığını deyib: "Rəşad xidmətdə nə qədər ciddi idisə, evdə ailədə bir o qədər gülərüz, şən, xoşbəxt olurdu. O, qayğıkeş ailə başçısı, ünsiyyətdə səmimi, mədəni zabit kimi xatirələrdə yaşayır, ehtiramla anılır. “Kitab var ki, dağlar boyda abidə, kitab var ki, ömür boyda xatirə. "Xatirələrin işığında: Rəşad Sadıqov" kitabı da şəhidlərimizin həyat xatirəsini yaşadan kitablar silsiləsindəndir. Allah qatında şəhidlər ölü sayılmırlar, diridirlər, insanlar qatında isə biz onları xatırladıqca onlar daima yaşayacaqlar, ruhları şad olacaq. Bu kitab da məhz şəhidlərin xatirəsini yaşatmağa, əbədi etməyə, hörmətlə anmağa xidmət edir”. Daha sonra hörmət, ehtiram əlaməti olaraq kitabın ilk nüsxəsi şəhidin anasına təqdim edilib. Kitab, həmçinin müəllif tərəfindən şəhidin oğlu Nihad Sadıqova da təqdim olunub. Çıxış edənlər - ehtiyatda olan polkovnik Mirqiyas Rüstəmov, zabit yoldaşları Elnur Tarverdiyev, Yalçın Alıyev şəhid zabitimiz Rəşad Sadıqovla olan görüşlərindən, onunla birlikdə xidmət dövründə şahid olduqları maraqlı hadisələrdən, xidmət və Vətən müharibəsi dövründə göstərdiyi şücaətlərindən danışıblar. Tədbir bədii hissə ilə davam edib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri hərbi vətənpərvərlik mövzusunda musiqi nömrələri səsləndiriblər. Qeyd edək ki, şəhid polkovnik-leytenant Rəşad Sadıqov hərbi əməliyyatlarda göstərdiyi şəxsi igidlik nümunələrinə və hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırıqlarının icrasında fəal iştirak etdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

Vətənpərvərlik tərbiyəsi Vətəni sevməkdən qaynaqlanır. Vətənin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, tarixi qəhrəmanlarına, sərkərdələrinə dərindən bələd olmaq lazımdır. Ümummilli Lider gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması üçün öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını verirdi. Ulu Öndər bu məsələ ilə bağlı deyirdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik sadəcə orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik!". Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də hər zaman gənclərin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyini vurğulayıb. Çıxışlarının birində deyib: "Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm".

Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işindən, peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 gün davam edən haqq savaşımızla bütün dünyaya Azərbaycan Ordusunun gücünu sübut edərək, tarixi ədaləti bərqərar etdik. Əlbəttə, bu qələbəni bizlərə bəxş edən şəhidlərimiz, qazilərimiz və ordumuzun rəşadəti oldu. Guşədə gördüyünüz oğullarımızın və onların timsalında olan bütün şəhidlərimizin canı bahasına torpaqlarımız düşməndən azad olundu. Məhz onların sayəsində doğma Qarabağımızın üzərindən qara buludlar çəkildi və xalqımız doğma diyarına qovuşdu. Bu gün hər bir Azərbaycan vətəndaşının borcudur ki, belə qəhrəman oğullarımızı tanısın, onların döyüş yollarını örnək bilsinlər. Çünki gənc nəslin milli vətənpərvər ruhda tərbiyə olunması son dərəcə vacib şərtdir və qarşımızda duran ən mühüm vəzifələrdəndir.

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Sherg.az-a açıqlamasında bildirib ki, Vətən müharibəsinin əsas hərəkət qüvvəsi də məhz vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı olan gənclər olub. Ekspert bildirib ki, Azərbaycanın gənc nəsli milli-mənəvi kimliyinə sadiqdir və bu dəyərləri yaşatmaqda əzmli davranır:

"Əgər bir xalqın gələcəyi onun gəncləri ilə ölçülürsə, bu gün Azərbaycanın gələcəyi üçün ümidli olmaq üçün kifayət qədər əsaslarımız var. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin nümayiş etdirdiyi fədakarlıq, qəhrəmanlıq və milli birlik ruhu bunun ən bariz sübutudur. Minlərlə gəncin könüllü şəkildə cəbhəyə yollanması, torpaqlarımız uğrunda canından keçməsi təkcə vətən sevgisinin deyil, həm də nəsildən-nəslə ötürülən milli-mənəvi dəyərlərin yaşadığını göstərdi. Bundan əlavə, sosial şəbəkələrdə, ədəbi mühitdə, könüllülük hərəkatlarında və mədəni təşəbbüslərdə aktiv olan gənclərin əksəriyyəti öz milli kimliyinə sahib çıxmağı və onu qürurla təmsil etməyi bacarır. Gənclər öz təşəbbüsləri ilə Azərbaycan tarixi, mədəniyyəti, dili və dini dəyərləri ilə bağlı layihələr həyata keçirir, milli bayramlarımızı coşqu ilə qeyd edir, həm də bu dəyərləri beynəlxalq platformalarda tanıtmağa çalışırlar".

F.Şahbazlı qeyd edib ki, gənclərin vətənpərvərlik, milli ruhda tərbiyəsi, milli dəyərlərə bağlı yetişdirilməsi çox vacibdir:

"Şəhidlərimizlə bağlı, onların şərəfli həyat yolu və qəhrəmanlığı ilə bağlı kitabların nəşri və təqdimatı, eyni zamanda orta məktəblərdə mütəmadi tədbirlərin keçirilməsi çox mühüm və vacibdir. Bu işi davamlı həyata keçirmək lazımdır. Ümumən, illərdir Azərbaycanda gənclik sahəsində, gənclərin milli, vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində dövlətin həyata keçirdiyi çoxsaylı layihələr öz müsbət nəticəsini verib və bu gün də verməkdədir. Gənclərin həm genetikadan gələn, həm də vətənpərvərlik tərbiyəsi nəticəsində formalaşan, xüsusən orta məktəblərdən şagirdlərə aşılanan milli ruh çox-çox önəmlidir. Düşmənlərlə müharibənin hərbi fazası bitsə də, informasiya cəbhəsində hələ davam edir. Ona görə də gənclərimiz bundan sonra daha ayıq-sayıq olmalıdırlar. Bütün gənclərimiz bilikli, savadlı, intellektual, ən əsası milli dəyərlərə, dövlətçiliyə bağlı olmalıdırlar. Bunun üçün də yeniyetmə və gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsinə böyük ehtiyac var".