- “İşçilərin haqlı tələbi başqa qurumun nüfuzuna kölgə salmamalıdır”
İki aydır əmək haqları ödənməyən təmizlik işçiləri Sumqayıt şəhər bələdiyyəsinin binası önünə toplaşıb etiraz ediblər.
Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra Sumqayıt şəhət İcra Hakimiyətindən bildirilib ki, təmizlik işçiərinin əmək haqqı qısa zamanda əmək haqqı kartlarına keçiriləcək. Amma sual budur ki, əmək haqqı niyə 2 ay gecikib və təmizlik işçiləri niyə Sunqayıt şəhər İcra Hakimiyyəti və ya Kommunal Təsərrüfatı Birliyinin binası önünə toplaşmayıblar.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında bildirdi ki, əməkhaqqı tələbi məhz həmin işçilərin çalışmadığı, onlarla əmək münasibətlərində olmayan bir qurumun - Sumqayıt bələdiyyəsinin qarşısında səsləndirilməsi həqiqətən də müəmmalıdır:
- Necə ola bilər ki bir şəxs əmək müqaviləsi ilə çalışmadığı, əməkhaqqının ödənilməsinə görə hüquqi və maliyyə öhdəliyi daşımayan bir qurumdan əməkhaqqı tələb etsin? Bu qədər insanın heç olmasa bir nəfəri belə özünə sual verməyibmi ki, biz əməkhaqqımızı hansı qurumdan alırıq, işə qəbulumuz hansı təşkilat tərəfindən həyata keçirilib və əmək münasibətlərimiz kiminlə rəsmiləşdirilib? Bu şəxslər Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləridir. Onların əməkhaqqının ödənilməsi ilə bağlı məsuliyyət də müvafiq işəgötürən qurumun üzərinə düşür. Bəs elə isə əməkhaqqı tələbinin ünvanı niyə bələdiyyə olmalıdır?
V.Tofiqli qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaların 1.4-cü bəndində ərazilər üzrə təmizlik və kommunal xidmətlərin həyata keçirilməsinə məsul qurumlar müəyyən edilib. Onlardan biri də yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumlarıdır. Bu hüquqi çərçivə onu göstərir ki, ərazilərdə təmizlik və kommunal-təsərrüfat işlərinin təşkili ilə bağlı məsuliyyət müvafiq səlahiyyətli qurumların üzərinə düşür:
- Odur ki, hər hansı qurumun öz üzərinə düşən öhdəlikləri başqa bir qurumun üzərinə yönəltməsi, yaxud əmək münasibətlərində olmadığı şəxslərin əməkhaqqı tələblərinin ünvanı kimi bələdiyyənin təqdim edilməsi nə hüquqi, nə də məntiqi baxımdan əsaslandırıla bilər. Digər tərəfdən, burada bir məqamı da unutmamalıyıq: əməkhaqqını vaxtında ala bilməyən işçilərin narazılığı tamamilə başadüşüləndir. Heç bir halda insanların əməyinin qarşılığını tələb etmək hüququ şübhə altına alına bilməz. İki ay ərzində əməkhaqqının ödənilməməsi ciddi problemdir və bununla bağlı aidiyyəti qurumlar müvafiq izahat verməli, yaranmış borcun ödənilməsi üçün konkret tədbirlər görməlidirlər. Lakin işçilərin haqlı sosial tələbi ilə həmin tələbin yanlış ünvana yönəldilməsini bir-birindən fərqləndirmək lazımdır. İşçilərin hüquqlarının müdafiəsi başqa qurumun nüfuzuna və fəaliyyətinə kölgə salmaq hesabına həyata keçirilməməlidir.