Korrupsiya dövlətin imicinə zərbə vurur

İctimai və dövlət maraqlarının müdafiəsi
Eyni zamanda cəmiyyətin inkişafını da ləngidir
Dövlət Sərhəd Xidməti aparatında Baş Prokurorluqla birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun nümayəndələri iştirak edib, mövzu ətrafında fikir və təcrübə mübadiləsi aparılıb. Çıxış edənlər korrupsiyanın cəmiyyətin istənilən sahəsində inkişafa mane olan əsas amillərdən biri olduğunu, bu kimi mənfi halların yalnız iqtisadiyyat və sosial həyat üçün deyil, eyni zamanda dövlətin imici və beynəlxalq nüfuzu üçün də ciddi təhlükə yaratdığını vurğulayıb, hüquqi, demokratik dövlət quruculuğu prosesinə zərbə vurmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də sarsıtdığını, cəmiyyətin mütərəqqi inkişafını ləngitdiyini qeyd ediblər. Bildirilib ki, müstəqillikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan korrupsiyaya qarşı mübarizə siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində bu sahədə mübarizənin hüquqi bazası möhkəmləndirilib, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, hesabatlılığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Həyata keçirilən tədbirlər çərçivəsində korrupsiyanın qarşısının alınması məqsədilə preventiv mexanizmlər təkmilləşdirilib, vətəndaş məmnunluğunun və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb. Tədbirin sonunda bu sahədə maarifləndirmə, təlim, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb, korrupsiyaya qarşı mübarizəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Cəmiyyətin mütərəqqi inkişafına zərbə vuran, vətəndaşların sosial rifah halının pisləşməsinə, insanların müflisləşməsinə səbəb olan həm də mərc oyunlarıdır. Son illərdə mərc oyunlarının onlayn aparılması, rəqəmsallaşmanın verdiyi imkanlardan sui-istifadə edərək insanları maddi çətinliklərlə üz-üzə qoyan mütəşəkkil dəstələrin ifşası hüquq-mühafizə orqanlarının əsas hədəfləri sırasındadır. Daxili İşlər Nazirliyi tərəfindən bu cür hallara qarşı effktiv tədbirlər görülür. Bu günlərdə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən növbəti dəfə bir neçə əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib. Baş İdarəyə sosial şəbəkələrdə açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri - Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə, Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanılıblar. Həmin şəxslər ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunlarının təşkilatçıları ilə əlaqə saxlayıb, onlardan "fastloto.com" və digər internet saytlarında təşkil edilmiş qumar oyunlarında iştirak üçün gizli şifrələr əldə ediblər. Daha sonra onlar sosial platformalarda “Kral Kazino" və digər adlar altında virtual kassa yaradaraq onlarla əlaqə saxlayan şəxsləri pul müqabilində qumar oyunlarına cəlb ediblər. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, xarici ölkələrə məxsus mobil telefon nömrələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. İfşa edilən hər iki şəbəkənin başçısı Aqil Məmmədzadə, Ülvi Məmmədov və digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Dəstənin xarici ölkələrdə gizlənən üzvlərinin məsuliyyətə cəlb olunmaları üçün tərəfdaş dövlətlərin hüquq-mühafizə orqanları ilə birgə əməliyyat tədbirləri davam etdirilir. 
Mövzu ilə bağlı fikirlərini Sherg.az-la bölüşən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd etdi ki, dövlət orqanları – Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, eləcə də  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi dövlət və vətəndaş maraqlarının təmin edilməsi, cəmiyyətin inkişafına mane olan, dövlətçilik maraqlarına, demokratik dəyərlərə zərbə vuran korrupsiyanın qarşısının alınmasında ciddi fəaliyyət göstərirlər: 
- Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev korrupsiya ilə mübarizədə vətəndaşların fəallığını əsas sayır. Bunu cənab Prezident çıxışlarında da dəfələrlə vurğulayıb. Vətəndaş olaraq bizim vəzifəmiz korrupsiya halları ilə, eləcə də cəmiyyətdə mənfi hallarla qarşılaşdıqda aidiyyəti qurumları məlumatlandırmaqdır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin birinci yarım ili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilmiş əməliyyat müşavirəsində faktlar sadalanıb. Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov görülmüş işlər barədə məlumat verərək bildirib ki, hesabat dövründə Prezident cənab İlham Əliyevin siyasi kursunun əsas prioritetlərindən biri kimi korrupsiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Bu sahədə ölkədə iqtisadiyyatın liberallaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin şəffaf və sağlam əsaslarla qurulması istiqamətində ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib. Bildirilib ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 5713 müraciətinə baxılıb. Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilib, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb. Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilib, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 66 təqdimat göndərilib. Təqdimatlara əsasən həmin qurumların bir sıra işçiləri intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub. Əməliyyat qurumları tərəfindən 59 cinayət işi başlanıb, keçirilmiş 12 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 7 nəfər saxlanılıb. Baş İdarə tərəfindən 113 şəxs barəsində 72 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 85 şəxs barəsində 54 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır. Hesabat dövrü ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 23 milyon 512 min 325 manat məbləğində maddi ziyandan 5 milyon 634 min 673 manatının ödənilməsi təmin olunub. Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 12 milyon 2 min 365 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub. Hesabat dövründə Baş İdarənin beynəlxalq fəaliyyəti istiqamətində də mühüm nailiyyətlər əldə olunub, bu da Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq nüfuzunun daha da artmasıyla nəticələnib. Daxil olmuş müraciətlərə baxılmasının nəticəsi barədə vətəndaşların dəqiq və dolğun şəkildə məlumatlandırılması, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, korrupsiyaya daha çox məruz qalan sahələr üzrə davamlı təhlillərin aparılması istiqamətlərində işlərin davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub. Bildirilib ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə nəzarət daimi diqqətdə saxlanılmalı, cinayət işlərinin istintaqı zamanı vurulmuş maddi ziyanın ödənilməsi, əmlakın bərpası və qətimkan tədbirlərinin səmərəli tətbiqinə xüsusi önəm verilməlidir. O, bu kimi məsələlər ətrafında aparılan geniş təhlillərdən sonra qarşıdakı dövr üçün müvafiq tapşırıq və tövsiyələrini müşavirə iştirakçılarına verib. Bütün bunlar ölkədə korrupsiyaya qarşı mübarizənin daha da gücləndiyini, vətəndaşları narahat edən məsələlərin qısa zamanda həllini tapması üçün səylərin artırıldığını göstərir.