Liderə minnətdarlıq: “Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən tələbə Cəmilə Abbaszadə ölkə başçısına məktubunda bildirir:

“Hörmətli cənab Prezident, mən bir Azərbaycan vətəndaşı və gənc nəslin nümayəndəsi, gələcəyin həkimi kimi bu məktubu Sizə böyük qürur hissi ilə yazıram. Cənab Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Sizə təşəkkür edirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir. Biz gənclər Sizin kimi Prezidentimiz olduğu üçün fəxr edirik. Ulu Tanrı Sizi qorusun, bütün işlərinizə Sizə yardımçı olsun!”.