
Maliyyə ayrılmasa, bələdiyyələr qəbiristanlıqlara düzgün nəzarət edə bilməz -RƏY
Yusif Nəzərli
06:30 02.10.2025
Cəmiyyət
610
Təhvil-təslim aktları bəzən siyasi təzyiq altında imzaladılır
“Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib. S.Novruzov bildirib ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir: “Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir". Qəbiristanlıqlar məsələsi də gündəmdən düşməyən, fəqət, həll olunmayan problemlərdən biridir. İllərdir bu məsələ Milli Məclisdə müzakirə olunur, müəyyən qanunlar qəbul olunur, qaydalar təsdiqlənir, lakin qəbiristanlıqlarda torpaq sahələri yenə də “od qiymətinə” satışa çıxarılır. Ölüsünü basdırmaq üçün camaatdan bir ovuc torpağa bir bağlama pul tələb olunur.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında qeyd etdi ki, illər əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansında olan qəbiristanlıqların ərazilər üzrə bələdiyyələrin balansına verilməsinə başlanıldı. İlk növbədə dolu, habelə trest tərəfindən xidmət göstərilməyən, əslində isə bu quruma yük olanları çox operativ şəkildə bələdiyyələrə təhvil verdilər. Hazırda istifadədə olan, habelə xidmət sahələri olmuş qəbiristanlıqların isə təhvil verilməsi nəzərdə tutulmadı:

- “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, bu qanuna edilən dəyişikliklər, daha bir neçə qərarlar var ki, qəbiristanlıqların ərazilər üzrə bələdiyyələrin balansına verilməsini nəzərdə tutur. Təəssüf ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, təhvil-təslim prosesi hələ də başa çatdırılmayıb. Dolu qəbiristanlıqlar təhvil verilib, istifadədə olan, boş torpaq sahələri olan qəbiristanlıqlar isə verilməyib. Bunun bələdiyyələrin balansına verilməməsinin isə konkret səbəbi hər kəsə aydındır. Necə ola bilər ki, Zabrat qəsəbəsindəki boş yeri olmayan iki qəbiristanlıq bələdiyyənin balansına rahatlıqla verilir, ancaq xristian qəbiristanlığı ilə üzbəüz ərazidə, kifayət qədər boş sahəsi olan qəbiristanlıq isə təhvil verilmir? Digər ərazilərdə də vəziyyət eynidir. Müvafiq qurum, yəni Əhaliyə Vətəndaşlıq Xidməti Tresti qəbiristanlıqlardakı boş yerləri də satıb sonra yəqin ki, bələdiyyələrin balansına verəcəyini indidən düşünmək olar. Müşahidələrimiz göstərir ki, bu gün trestin balansında olan qəbiristanlıqlar bələdiyyələrə “alayarımçıq” şəkildə təhvil verilib. Yəni qəbiristanlığın ərazisinin “idarəetməsindən” başlamış, ərazidə qanuni və qanunsuz fəaliyyət göstərən məzar daşı sexlərinədək məsələlərin yaratdığı problemlər bugünədək öz həllini tapmayıb. Təhvil-təslim aktını ərazinin xəritəsi, qəbiristanlıq reyestri olmadan sədrlərə bəzən məcbur imzalatdırıblar. Bir çox hallarda siyasi rəhbərlərə edilən “hansısa şəxsin” zəngi sayəsində bələdiyyə sədrləri tərəfindən aktı imzalamaq məcburiyyətində qalmaları da danılmaz faktdır. Bəzi hallarda trest bələdiyyələri günahkar çıxarmağa çalışsa da, əslində, bələdiyyələrin bu prosesə həvəsli olmamasının əsas səbəbini açıqlamağa maraqı olmaması da təəssüf doğurur. Bu istiqamətdə apardığımız müşahidələr göstərir ki, qəbiristanlıqları təhvil almağa maraqlı olmayan bələdiyyələrin əsaslı səbəbləri də var imiş. Müşahidələrimizdən belə qənaətə gələ bilərik ki, əgər biz bələdiyyələrin bu prosesə tam nəzarət etməsini, o cümlədən bu sahədəki xidmət səviyyəsinin və keyfiyyətinin artırılmasını istəyirdiksə, onda bu sahəyə dövlət tərəfindən məhz yuxarıda adıçəkilən trestə ayrılan maliyyə vəsaitini də sistemin qurulması üçün bələdiyyə büdcəsinə ayırmalı idik. Nəzərə alaq ki, qanunvericilik də buna imkan verir. Yəni icra strukturlarına aid edilən hər hansı bir səlahiyyət bələdiyyələrə verildiyi halda onun icrası üçün tələb olunan maliyyə vəsaiti də bələdiyyə büdcəsinə ayrılmalıdır. Bununla bağlı "Bələdiyyələrin statusu haqqında" Qanunun 42.2 maddəsində konkret şəkildə qeyd edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç kralı V Harald vəfat edib
10:45 28.08.2026
Dünya
Tokayev hökuməti istefaya göndərib
10:21 28.08.2026
Gündəm
Lavrovdan Robert Köçəryanla bağlı açıqlama
09:47 28.08.2026
Dünya
Dünən Bakıda güclü küləkdə iki nəfər xəsarət alıb
09:35 28.08.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:12 28.08.2026
İqtisadiyyat
Beyonsdan zəlzələdən zərərçəkənlərə böyük dəstək
09:10 28.08.2026
Şou
Ən qısqanc BÜRCLƏR: kimlərin münasibəti risk altındadır?
08:41 28.08.2026
Maraqlı
Paytaxtın bəzi ərazilərində işıq olmayacaq
07:37 28.08.2026
Ölkə
Onlar “Ceyms Bond” roluna namizəddir
07:00 28.08.2026
Şou
2 kilo undan neçə kilo əriştə çıxır?
05:45 28.08.2026
Cəmiyyət
Dünyada insanların 1 faizi bütün əhalidən daha zəngindir: HESABAT
05:05 28.08.2026
Sosial
Qardaşından sonra öz filmini çəkir
03:49 28.08.2026
Şou
Qənd, şəkərlə çay içmək sağlamlığa necə zərər vurur?
03:13 28.08.2026
Sağlamlıq
Vatsapa yeni funksiya gəlir
02:32 28.08.2026
Texnologiya
İran ABŞ-ni iqtisadi maraqlarına zərbə vurmaqla hədələdi
01:57 28.08.2026
Gündəm
Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü
01:11 28.08.2026
Cəmiyyət
Altı Aİ ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
00:31 28.08.2026
Dünya