Məcburi köçkün Prezidentə yazır: “Qayğıkeşliyinizə və humanistliyinizə görə bir ana kimi alnınızdan öpürəm”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Ağdam rayonundan məcburi köçkün Sabah Mustafayeva Prezidentə məktubunda bildirir:

“Hörmətli cənab Prezident, mən 30 ilə yaxındır ki, erməni işğalı nəticəsində öz elimdən, obamdan köçkün düşərək Göyçayda məskunlaşmışam. 2019-cu ildə Sizin göstərişinizlə Göyçay şəhərində məcburi köçkün və qaçqın ailələri üçün yaşayış binası tikilmişdir. Mən də həmin binada mənzillə təmin olunmağım üçün müraciət etmişdim. Müraciətimə baxıldıqdan sonra mənə çox sevindirici xəbər çatdırdılar. Mənə də o binadan mənzil verildi. Hörmətli cənab Prezident, bu ahıl yaşımda mənə belə sevinc bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin və Mehriban xanımın qayğıkeşliyinizə və humanistliyinizə görə bir ana kimi alnınızdan öpürəm”.