“Mesaj tələsi”! - Saxta SMS-lə hesabınızdan pul çəkə bilərlər - Aldanmayın!

Ələsgər Məmmədli:"Bu artıq cinayətdir”

İlk növbədə, əlbəttə, vətəndaşların özü bu barədə ehtiyatlı davranmalıdır.


Son zamanlar "Azərpoçt” MMC-nin adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.
Mesajların mövzusu təxminən belədir: "Təbriklər! Siz "iPhone X” və ya "Hədiyyə Kartı” udmaq şansını qazanmaq üçün tərəfimizdən seçilmiş 10 istifadəçidən birisiniz!”.

Mesajda deyilənləri icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur və daha sonra guya udulan hədiyyənin vergi hissəsini ödədikdən sonra, hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda deyilənlərə aldanan vətəndaşların bank kartlarına daxil olub, hesablarındakı bütün vəsait mənimsənilir.

İnternetdən və sosial şəbəkələrdən mütəmadi olaraq istifadə edənlərin əksəriyyəti belə mesajlara inanmır və bunu gözardı edirlər. Lakin istifadəçilərin bir qismi həmin dələduzların qurbanı olur. 

Bununla bağlı "Sherg.az"a danışan tanınmış hüquqşünas Ələsgər Məmmədli bildirib ki, belə hallar qanunla yolverilməzdir:

"Əgər həmin mesajlar insanların etimadından sui-istifadə edirsə və onlara maddi cəhətdən zərər verirsə, bu artıq cinayətdir. Belə hallara yolverən şəxslər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq cəza tədbirləri görülməlidir. 

Həmin şəxslər insanların etimadından sui-istifadə edib onların əmlakını-pulunu mənimsəyirsə, bu yolverilməzdir. İnsanlara daha böyük ziyan dəyərsə, sözügedən saxta mesajlar və şəxslər haqqında məhkəməyə müraciət etmək zəruridir. İlk növbədə, əlbəttə, vətəndaşların özü bu barədə ehtiyatlı davranmalıdır.

Aytac Ali